15:00, 19 Sentyabr 2019 (Cümə axşamı) 76

AXCP fəalının ölkədən çıxışına icazə verilməyib

AXCP fəalının ölkədən çıxışına icazə verilməyib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Nicat Abdullazadə sentyabrın 19-da Bakının hava limanından xarici ölkəyə buraxılmayıb.

Bu barədə Amerikanın Səsinə Nicat Abdullazadə məlumat verib. 

"Hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı ölkədən çıxışıma `stop` qoyulduğunu bildirdi. Bir gün öncə Ədliyyə Nazirliyinin rəsmi saytından ölkədən giriş-çıxışımı yoxladığım zaman heç bir qadağanın olmadığı göstərilmişdi,” -  Abdullazadə bildirib.

O sentyabrın 21-də mühacirlərin təsis etdiyi hazırki iqtidara müxalif olan AND təşkilatının Almanyanın Frankfurt şəhərində keçiriləcək qurultayında iştirak etmək üçün gedirdi.

”Mənə bildirdilər ki, problemli kreditlərlə bağlı ölkədən çıxışıma qadağa qoyulub. Amma, bu qadağanın qoyulması yanlışdır. Çünki prezidentin 2019-cu ildə imzaladığı problemli kreditlərlə bağlı sərəncamından sonra bu problem aradana qaldırılıb. Bu gün bank mənə hər hansı problemin olmaması barədə sənəd verdi və sənədi müvafiq quruma təqdim etdim. Söz verdilər ki, ölkədən çıxışıma qadağa iki saat ərzində aradan qaldırılacaq,” - o deyib.

O ölkədən çıxışına qadağa qoyanlarla və dəymiş ziyanla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Nicat Abdullazadə bu il martın 7-də 15 sutka inzibati həbsə də məhkum edilib.