19:00, 10 İyun 2019 (Bazar ertəsi) 53

AXCP fəalının saxlanıldığı deyilir

AXCP fəalının saxlanıldığı deyilir
İyunun 10-da səhər saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon Şöbəsinin fəalı Bəşir Tarıverdiyev bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılaraq qeyri-müəyyən istqamətə aparılıb. 

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

Rəsmi qurumlar fəalın saxlanılması ilə bağlı hələ onun ailəsinə məlumat verməyib.

Onun özlərinə görə, Daxili İşlər Nazirliynin "102-Zəng Mərkəzi”ndən bildiriblər ki, fəalla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdrıma aparılır.

Öz növbəsində 4-cü Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, şöbədə Bəşir Tarıverdiyev adlı şəxs saxlanılmır.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 52 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib.

AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır.