00:46, 20 Oktyabr 2019 (Bazar) 1265

AXCP sədri Əli Kərimli işgəncəyə məruz qalıb

AXCP sədri Əli Kərimli işgəncəyə məruz qalıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sərbəst buraxılıb.

Əli Kərimli "Azadlıq” qəzetinin canlı yayımında bu barədə danışıb.
 
"Azadlıq qurbanlar tələb edir. Mən xalqımın azadlığı üçün özümü fəda etməyə hazıram. Məni bir az daha boğmağa davam etsəydilər, yəqin ki, elə doğrudan da fəda olacaqdım", - deyə canlı yayımda bildirib.
 
Əli Kərimli bildirib ki, işgəncəyə məruz qalıb, sifətinə tikiş atılıb: "Məni polis avtobusuna mindirdilər. Orda 6-7 Çevik Polis Alayının əməkdaşı məni dərhal yerə yıxıb, qollarımı qandalladılar  və döyməyə başladılar. Mənim vəziyyətimi dəyişərək, kameraya alırdılar. Saçımdan tutub başımı harasa vururdular”.

AXCP sədri əlavə edib ki, onu daha sonra Xətai Rayon Polis İdarəsinə aparıblar və orada heç bir qeyri-qanuni münasibət görməyib. Onu Xətai Rayon Polis İdarəsinin rəisinin iştirakı ilə Daxili İşlər Nazirliyinin Mərkəzi hospitalına aparıblar. Və orada müayinədən keçib: "Bir neçə həftə aldığım xəsarətlərin reabilitasiyası davam edəcək. Başımda olan yaraya 6 tikiş atılıb".

Əli Kərimli bildirib ki, daha sonra onu evinin yaxınlığına gətirib, azad ediblər.

Oktyabrın 19-da partiya sədri icazəsiz mitinqdə həbs edilib.
 
Aytac Ağazadə