11:28, 07 Mart 2019 (Cümə axşamı) 363

AXCP üzvlərinin saxlandığı deyilir

AXCP üzvlərinin saxlandığı deyilir
Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir neçə fəalının saxlandığı deyilir.

Bu barədə Azadlıq Radiosuna partiyadan məlumat veriblər.

AXCP-dən yayılan məlumata görə, fəallardan Nicat Abdullazadə, Fərid Əsədov və Əli İmanxanlı bu partiyanın Suraxanı şöbəsinin gənclər təşkilatının sədri Xəlqi Hüseynə baş çəkməyə gediblər. « X.Hüseyn bir müddətdir ki, xəstəxanada yatır. O, insult səbəbindən bir neçə gün komada olub. Odur ki, onlar partiya yoldaşına baş çəkmək üçün xəstəxanaya gediblər, xəstəxanadan geri qayıdanda saxlanıblar», - deyə partiyadan qeyd ediblər.

AXCP-dən deyiblər ki, F.Əsədov və Ə.İmanxanlı bir-iki saatdan sonra sərbəst buraxılıb, N.Abdullazadə isə qalıb: «Çox güman ki, bu gün, martın 7-də hakim önünə çıxarılar. Bizə deyilənə görə, onları Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. İnzibati cəza və ya cərimə edilə bilər. Hələ ki, məhkəmə olmayıb, bunlar ehtimallardır».

Bu deyilənlərə, hələlik, Xətai Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən vurğulayıblar ki, N.Abdullazadəyə qədər bu ilin əvvəlindən onların 45 fəalı inzibati hüquq pozmalarında günahlandırılaraq 10-30 sutka arası həbs ediliblər.

Bu partiyanın 10-dan çox fəalı isə son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. AXCP onların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edildiyini açıqlayıb.

Azərbaycan rəsmiləri isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmirlər.