17:05, 12 Sentyabr 2019 (Cümə axşamı) 101

AXCP və ReAl partiyası sədrləri debata çıxacaq

AXCP və ReAl partiyası sədrləri debata çıxacaq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ReAl Partiyasının sədri İlqar Məmmədov debata çıxacaq.

Hər iki siyasətçini ötən gün araşdırmaçı jurnalist Xədicə İsmayıl debata çağırıb.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

Xədicə İsmayıl statusuna yazdığı şərhdə Əli Kərimlinin debat təklifini qəbul etdiyini qeyd edib.

Daha sonra İlqar Məmmədov status yazaraq, təklifi qəbul etdiyini vurğulayıb.

İlqar Məmmədov bundan əvvəl də "Azadlıq” radiosunun jurnalistləri Şahnaz Bəylərqızı və Ramin Dekonun ona debatla bağlı təklif etdiyini açıqlayıb: "Avqustun 19-da "Azadlıq” radiosunun jurnalistləri Şahnaz Bəylərqızı və Ramin Deko mənə müraciət edərək AXCP sədri Əli Kərimli ilə debata çağırdılar. Razılıq verdim. Dedim ki, əgər mövzu "boykot, yoxsa seçki”dirsə, onda AXCP boykot qərarını verən kimi, bu debata qatılacağam, çünki başqa elə bir mübahisəli mövzu yoxdur. Məsələ o nöqtədə qalmışdı, bir xəbər gəlmədi".

"Bu gün (ötən gün - sentyabrın 11-də. red) tanınmış publisist-tənqidçi Xədicə İsmayılova da belə bir debatda moderatorluq etmək təşəbbüsü ilə çıxış etdi. Baxmayaraq ki, Xədicə İsmayılova cəmi iki gün əvvəl aşağılayıcı səbəb gətirərək mənimlə maraqlanmadığını bildirmişdi, dəvəti qəbul edirəm. Mövzuları gözləyirəm”, - İlqar Məmmədov yazıb. 

Xədicə İsmayıl isə növbəti statusunda yaxın günlərdə debatın vaxtını və digər detalları açıqlayacağını qeyd edib.