16:22, 08 Avqust 2019 (Cümə axşamı) 167

Az büdcə, əyləncəli istirahət

Az büdcə, əyləncəli istirahət
Gərgin iş, stress, ailə qayğısı, istilərdən yaxa qurtarmaq üçün yay ən əlverişli fəsildir. 

Bəziləri yeni mövsümdə daha gümrah olmaq üçün istirahətini məhz yayın sonuncu ayına - avqusta saxlayır.

Dövlət Sərhəd Xidməti bildirir ki,xaricə gedən vətəndaşların sayı başqa fəsillərlə müqayisədə yayda 25,8 % artıb. 

İran,Türkiyə və Rusiya ən çox  axın olunanlar siyahısındadır. Manatın dollara nisbətdə ucuzlaşması qiymətlərə də təsir edir. Adətən, yay ayları turistik hesab olunduğundan qiymətlər normadan 30-40% daha baha olur. 

Az büdcəylə hansı ölkələrdə istirahət emək mümkündür? 

TÜRKİYƏ - azərbaycanlıların səyahət üçün ən çox üstünlük verdiyi ölkələrdəndir və buraya avtobus və təyyarə ilə getmək mümkündür. Son illər azərbaycanlı gənclərin üstünlük verdiyi bir yol da avtostopla getməkdir. 
 
 

Bodrum, Antalya, Alanya, İzmir, Fethiye, Pamukkale və s. ən çox seçilənlər siyahısındadır. Avtobusla səyahət 30-40 saat davam etməsinə baxmayaraq, qiymətlər təyyarə biletindən qat-qat ucuzdur. Avtobusların qiyməti 80-100 arasında dəyişir. Yox, əgər həm zamanınıza qənaət etmək, həm də komforta  üstünlük verirsinizsə, bu zaman təyyarə sizin köməyinizə çatacaq. 

Təyyarə biletlərinin gediş-dönüş qiyməti 900 AZN-dən başlayır. Evlərin bir günlük qiyməti 17 dollardan başlayır. Daha ucuz qiymətə hostel də tapmaq mümkündür. Günlük yemək xərci 10 dollar, nəqliyyat xərci isə 5 dollardır.

GÜRCÜSTAN

Bütün gözəllikləri ilə birlikdə Gürcüstanı Qafqazın cənnəti də adlandırmaq olar.Bura dadlı mətbəxi, şərabları,  tarixi yerləri, qədim kilsələri və şəhərləri ilə göz oxşuyur. Metexi , Kvaşmeti, Sameba , Nariqala kilsələri, Lisi gölü, Tısbağa gölü,  Botanika bağı, Rustaveli küçəsi, Azadlıq meydanı, Kükürd hamamları, Batumi,  Pizza meydanı  mütləq görüləcək məkanlardandır.

Gücüstana getməyin  bir neçə üsulu var:

1. Bakı –Tbilisi qatarı qiyməti 23 AZN-dən başlayır;
2. Bakı –Tbilisi avtobusu 15 AZN;
3. Bakı-Qırmızı körpü 10 AZN ordan isə Tbilisi marşurutla 3-5 lari, taksi ilə isə 40-50 lariyə getmək mümkündür; 
4. Hava yolları ilə; biletlərin bir nəfər üçün gediş-dönüş qiyməti 540 manat civarındadır;
5. Bakı-Batumi  avtobusu 40 AZN;
6. Avtostopla.
 
 

Gecələmək üçün isə ən ucuz məkanlar hostellerdir. Hostellər qiymət baxımından münasib yerlərdir, ancaq otağınızı digər 5 nəfərlə bölüşməyi də nəzərə almalısınız. Burda qiymətlər orta hesabla 12 AZN-dən başlayır. Evlərin bir günlük kirayəsi 35 manatdan başlayır. Günlük yemək xərci 22 manat, nəqliyyat xərci isə 7 manat.

UKRAYNA 

Ucuzluq, mədəni-tarixi zənginlik, festivallar Ukraynanı səyahət üçün cox əlverişli edir. Üstəlik, bu il yayımlanan  "Çernobil” serialından sonra bu ölkə dünyanın diqqətini cəlb etdi. Kiyev, Xarkov, Lvov, Odessa, Yalta , Feodosya, Balaklava gəzməli turistik yerlərdir. Ukraynada gecələmək üçün otellerin qiyməti orta hesabla 50-100 dollar arası dəyişir. Yox, əgər daha qənaətcil olmaq istəyirsinizsə 10-40 dollar arası qala biləcəyiniz hostellər də tapa bilərsiniz. 10-20 dollara bir günlük qidalanmaq olar. Ekonom - klass üçün bilet bron edəcəksinizsə, bunu 2-4 ay öncədən edin. Bakı-Kiyev üzrə ən ucuz biletlər həftənin çərşənbə və cümə axşamı günləri olur. Bir qayda olaraq, istirahət  günləri biletlər baha olur. İki istiqamətli biletlərin qiyməti 761 AZN-dən başlayır.
 
 

İRAN

İrana bəziləri həkim üçün ,digərləri isə Məşhədə gedir. Dil, din, insanları, ucuz qiymətlər, yaxın kulinariya,  qədim tarixi yerləri İranı  səyahət olunası ölkələr siyahısına əlavə edir.İrana aşağı büdcəylə Bakıdan bir neçə üsulla getmək olar.

1. Bakıdan maşınlar 10 AZN-ə Biləsuvar sərhədinə,sərhədi keçdikdən sonra isə Ərdəbilə 20-25 min tümənə,Təbrizə isə 100 min tümənə  gedir. 
2. Avtovağzaldan Bakı-Təbriz istiqamətində 30 manata getmək.
3. Qatarla.Qatarlar axşam 23:15-də çıxır, səhər saat  8:00-da Astaraya çatır.
 
 

İranda taksi xidməti çox ucuzdur. Gündəlik 5-10 manata 1 nəfər üçün normal qidalanmaq olar. Nəqliyyat xərci isə 3-4 manat.4-5 ulduzlu otellərin qiyməti 20  manatdan başlayır.

ÇEXİYA

Praqa azərbaycanlıların çox getdiyi və ən çox getmək istədiyi Avropa şəhərləri sırasındadır. Əsrarəngiz təbii landşaftı və orta əsrlərə xas abidələrin ahəngi ilə sanki sehirli bir aləmə düşəcəksiniz. Praqaya səfər - qədim məkanlarda romantik gəzinti, dadlı mətbəx və əla pivə deməkdir. Abidələrin böyük hissəsi qədimi görkəmini demək olar ki, olduğu kimi qoruyub saxlayıb. Karl körpüsü, Praqa qalası, San Vitus kilsəsi, Kafka muzeyi, Strahov qalereyası, Astronomiya muzeyi  turistlərin ən çox baş çəkdiyi yerlərdəndir. Praqa üçün iki istiqamətli biletlərin qiyməti 1000 manatın üzərindədir. 5 avroya günlük bilet alıb şəhərdə rahatlıqla gəzmək olar. Restoranlarda bir günlük yemək 15-20 dollar arasında dəyişir. Ən əsası isə bu şəhərdə pivə az qala su qədər ucuzdur. Gecələmək üçün isə hostellerin qiyməti 20 dollardan başlayır.
 
 

Ən sonda, tətiliniz üçün xaricə üz tutacaqsınızsa biletləri 2-3 ay qabaqcadan bron edin. Məqsədiniz yalnız gəzmək, şəhərin dadını çıxarmaqdısa yaxşı olar ki, 4-5 ulduzlu otellərdənsə, normal şəraitli hostellərə üstünlük verəsiniz. Beləliklə, pullarınız  ağırlığından çox az itirəcək.

Bəs, görəsən, az büdcəylə Azərbaycanda necə istirahət etmək olar? Bu barədə növbəti yazımızda...

Roza Məmmədova