17:02, 22 Oktyabr 2019 (Çərşənbə axşamı) 924

Azərbaycan daha bir beynəlxalq konvensiyanı təsdiq edib - YENİLƏNİB

Azərbaycan daha bir beynəlxalq konvensiyanı təsdiq edib - YENİLƏNİB
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd (Lanzarotta Konvensiyası) təsdiq edilib.
 
APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Konvensiya haqqında deputatlara Ailə, uşaq, qadın komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.
 
Məlum olub ki, Azərbaycan Respublikası sözügedən konvensiyaya əlavə qeydlərlə qoşulub. Sözü gedən qeydlər Azərbaycanın işğal altında olan ərazilərilə bağlıdır.
 
Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək. Eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə, həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verilmir. Azərbaycan bəyan edilən bu halları istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lanzarottada imzalanmış Avropa Şurasının Konvensiyasını Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edib.

Deputat Asim Mollazadə bu addımı yüksək qiymətləndirib və təklif edib ki, İstanbul Deklarasiyası da ratifikasiya olunsun.
 
Asim Mollazadə Toplum TV-yə bildirib ki, söhbət məhz İstanbul Konvensiyasından gedir. 
 
"Yəqin, media səhv təqdim edib. Mən məhz İstanbul Konvensiyasını nəzərdə tuturam. Dəfələrlə bu məsələni qaldırmışam və Azərbaycanın bu konvensiyaya qoşulmasının tərəfdarı olmuşam. İndi də hesab edirəm ki, Azərbaycan bu konvensiyaya qoşulmalıdır", - deputat bildirib.