16:56, 21 Fevral 2019 (Cümə axşamı) 447

"Azərbaycan dilində elmi vəsaitlər azdır"

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür. 

Azərbaycanda isə əksər oxucular ana - Azərbaycan dilində elmi ədəbiyyatların azlığından şikayətlənirlər. 

Şəhərin məşhur ticarət mərkəzərindən yerləşən kitab mağazasında rastlaşdığımız oxucuların da bu mövzuda cavabları birmənalı deyil.  
 

Ticarət mərəzindəki kitab mağazasında demək olar ki, hər rəfin qabağında bir neçə alıcı var. 

Satıcılar da kitab almaq istəyənlərə məsləhət verir, köməklik etməyə çalışırlar. 

"İnternetdə tibbi məlumat da yoxdur”

11 yaşlı oğluna kitab seçən Gülşən Məmmədova Toplum.Tv-yə deyir ki, ana dilində məlumatverici vəsaitlər azdır: "Baxırıq türklər Osmanlıdan Abdulhəmid haqqında necə qəşəng kinolar çəkiblər, kitablar yazıblar, amma bizdə uşaqlar üçün belə məlumatlar çox azdır. Mən oğluma Şah İsmayıl Xətai, Qacar haqqında danışmaqdan yorulmuşam. Onun məktəb dərsliyində Şah ismayıl haqqında 1 səhifə məlumat var, uşaq da elə cəmi bir səhifəlik bilir. Mənim uşağım öz ana dilində bir səviyyəli məlumatı öyrənə bilməməlidir?” 
 

Gülşən Məmmədova uşaqları üçün hər ay yeni kitab alır. 

Deyir ki, oğluna həm ingilis, həm də alman dilini lap uşaqlıqdan öyrətməyə başlayıb, çünki həm bu dillərə tələbat var, həm də ana dilində heç bir önəmli informasiya əldə edə bilmir.

Gülşən Məmmədova deyir ki, informasiyanın azlığı təkcə kitablarda deyil, həmçinin internetdə də var. 

Ona lazım olan məlumatları tapa bilmir: "Mən özüm də həkiməm. İnternetdə tibbi məlumat belə yoxdur. Mən də məcburam  məlumatları ingiliscə, türkcə, ya da rusca axtarım. Türk ingilisdən götürür, rus da onlardan. Yazanlar da subyektiv fikirlərini yazırlar, obyektiv yazan yoxdur. O subyektiv fikirlərin də elmlə əlaqəsi yoxdur”.
 
"Vallah, belə baxıram ki, ölkədə kitab qıtlığı yoxdur” 
 
Kitab mağazasından istədiyi kitabı tapdığını deyən Famil Həsənov hüquqşünasdır. 

 
O deyir ki, indiki dövrdə hər bir məlumat var: "Düzdür, mən ingiliscə də bilirəm, amma öz dilimdə hər bir mövzuda kitab tapıram. Ölkədə əvvəllər kitab qıtlığı vardı, indi hər şey yaxşıdı. Nəinki balaca, hətta bax belə böyük 2-3 kitab mağazası şəbəkəsi var. Tez-tez gəlirəm kitab mağazasına, tapmayanda yoldaşlara deyirəm, xaricdən gətirirlər. Hüquqla, fəlsəfə ilə, şərq ədəbiyyatı ilə maraqlanıram. Hazırda bu kitabı vərəqləyirəm. Xoşuma gəlib, alacam bunu bir azdan. Vallah, belə baxıram ki, ölkədə kitab qıtlığı yoxdur”. 

"Öz dilimdən az istifadə etmək mənə bir ayıbdırsa, tərcüməçilərimizə beş ayıbdır”

Mağazada uzun müddət eyni rəfin qabağında dayanan Aytən Mirzəyeva istədiyi kitabı tapa bilmir. Deyir, kitab seçməkdən zövq alır, lakin məsələ ondadır ki, kitab tapa bilmir: "İnformasiya tapmaq çox çətindir. Məcbur olub informasiyanı ingilis, ya da rus dilində tapıram. Mən indi digital marketinqlə və elm ilə maraqlanıram. Elmi ədəbiyyatı rus dilində rahatlıqla tapıram. Lakin indi mənə lazım olan digital marketinqlə bağlı kitablar heç rusca də yoxdur, ingiliscədir”.

Aytən Mirzəyeva xaricdən belə lazımlı kitabların yetərli qədər gətirilməməsindən narazıdır:
 
 
"Azərbaycan dilində, təəssüf ki, elmi məlumat yoxdur.  Rusiyada, yəqin, bu mövzuda kitablar var, ən azından tərcümə ediblər. Amma o tərcümə kitabları belə gətirib çıxartmayıblar. Deyəsən, bizim nəşriyyatlar təkcə kirilcədən latıncaya tərcümə ediblər. Cünki öz dilimizdə ancaq sovet vaxtı da olan klassik dünya ədəbiyyatından nümunələr var. İnternet mövzusunda ürəyim yaman doludur. İnternetdə nəyisə axtarışa verəndə heç vaxt azərbaycanca vermirəm. Həmişə ya rus, ya da ingiliscə axtarıram. Azərbaycan dilini sevmədiyim üçün deyil, məlumat azlığındandır. Bu dövrdə vaxt qızıldır. Öz dilimdən az istifadə etmək mənə bir ayıbdırsa, tərcüməçilərimizə beş ayıbdır”.
 
Satıcı Nərgiz Sərkərova deyir ki, alıcılar istədikləri kitabları Azərbaycan dilində tapmayanda, onlar təklif olaraq rus və ingilis ədəbiyyatını göstərirlər.
 
 
Alıcıların çoxu rusdilli olduğuna görə dil fərqinin olması bir problem yaratmır. Mağazaya gələn müstərilərimizin çoxu rusdilli ədəbiyyatla maraqlanır. Ruslar bizim tariximiz, mədəniyyətimiz  haqqında kifayət qədər çox yazıb. Gənc qızların seçimi isə romantik ədəbiyyatdan yana olur, bu kitablar da daha çox türkcədir”.

Mağazaya daxil olanların sayı hər ötən dəqiqədə  artsa da, bir çoxu uzun zaman eyni rəfin önündə kitablara baxır, hansısa məlumatı tapmağa çalışır, bəzən gülümsəyir, bəzən də qaşlarını çatırlar.

Əminə Məmmədova
Toplum.Tv