11:05, 07 Noyabr 2018 (Çərşənbə) 108

"Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır” - Akademik

"Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, bu adda axırıncı çoxcildlik nəşr XX əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər tərəfindən hazırlanıb: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşmiş, dildə müəyyən bir milliləşmə prosesi getmişdir. Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər".

"Onu da qeyd etməliyəm ki, Nəsimi adına Dilçilik İnstitutunda "Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanmışdır. Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var. Müasir elmi-texniki yeniliklərlə əlaqədar Azərbaycan dilinə daxil olan terminlər və onların dilimizdəki münasib qarşılığı olan sözlər haqqında mütəmadi olaraq mətbuat vasitəsilə xalqımıza zəruri məlumatların çatdırılması da çaşqınlığın, yersiz uydurmaların qarşısını ala bilər".