17:00, 24 İyul 2019 (Çərşənbə) 54

Azərbaycan Dünya Bankı ilə danışıqlara başlayıb

Azərbaycan Dünya Bankı ilə danışıqlara başlayıb
Dünya Bankı qrupunun nəqliyyat üzrə missiyası Azərbaycana gəlib. 

Bu barədə "Report.az” məlumat yayıb.

Aymen Ahmed Osman Alinin rəhbərlik etdiyi missiya Bakıda görüşlər keçirir.

İyulun 25-də Bakını tərk edəcək missiyanın "Azərbaycan Dəmir Yolları” QSC və digər aidiyyəti qurumlarda görüş keçirdiyi bildirilir.

Məlumata görə, danışıqlarda əsas mövzu Dünya Bankı Bakıdan Azərbaycanın Cənubuna uzanan dəmiryolu xətti şəbəkəsinin yenidənqurulması üçün kredit ayrılmasıdır. Hazırda kreditin məbləği və digər şərtləri ilə bağlı müzakirələr aparılır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov hal-hazırda Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanının nəzərdən keçirildiyini bildirmişdi.

Onun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: "Ümumilikdə, rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişlənərək ikixətli olacaq".

C.Qurbanov qeyd edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

Bundan əvvəl Bakı-Yalama-Bakı dəmiryolu xəttinin yenidən qurulması üçün hökumət Asiya İnkişaf Bankından (ADB) 450 mln dollar vəsait cəlb edib.