11:17, 13 Sentyabr 2019 (Cümə) 39

Azərbaycan Fransaya nota verib

Azərbaycan Fransaya nota verib
Xarici İşlər Nazirliyi fransız deputatların Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərinə etiraz olaraq nota verib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fransanın müvəqqəti işlər vəkili sentyabrın 12-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib.

Sənəddə qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir.

Nazirlik bildirir ki, Dağlıq Qarabağa səfər Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Guy Teissier tərəfindən həyata keçirilib. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının, millət vəkilləri Valérie Boye, Jan-Pyer Cübertafon , Məhəmməd Laqhila , Daniel Kazaryan, Giyom Kasparyan  və senator Pyer Uzuliasın da adları müvafiq olaraq həmin siyahıya salınacaq.

"Fransa hökumətini bir daha bu ölkənin parlamentarilərinin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış status-kvonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz səfərlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə və bununla da, öz beynəlxalq öhdəliklərinin düzgün yerinə yetirilməsi maraqlarını rəhbər tutaraq, nizamlanmada vasitəçi kimi qərəzsiz yanaşmasının ardıcıllığını təsdiq etməyə çağırırıq,” - məlumatda qeyd olunub.

Azərbaycanın ermənilərin nəzarətində olan tanınmamış Dağlıq Qüarabağ bölgəsində erməni icması yerli seçkilər keçirib. Fransa parlamentinin deputatları bu zaman Dağlıq Qarabağa səfər edib. 

Azırbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlikləri bu seçkilər tanımadığını bildirib.