11:00, 12 Oktyabr 2019 (Şənbə) 1685

Azərbaycan gündəliyində ictimai qınaq

Azərbaycan gündəliyində ictimai qınaq
7 ay əvvəl 8-ci sinif şagirdi intihar etdi. Bu, 2015-2019-cu illərdə baş verən məktəbli intiharlarından onuncusu idi. 

Məsələ sosial mediada o qədər səs yaratdı ki, bütün cəmiyyət günahkarın cəzalanması üçün həmrəylik göstərdi. 

Hamı günahkarı arayarkən məlum oldu ki, bu intiharlar nə bir günün, bir ayın, bir ilin, nə də bir məktəbin, bir ailənin problemidir. Sən demə, bir məktəblinin simasında baş qaldıran təhsil, ailə, cəmiyyətin problemiymiş.

Psixoloq Fuad Əsədov Toplum.tv-yə bildirir ki, ümumiyyətlə, həmişə ictimai fikir önəmli olub. İctimai alqışlama da, qınaq da insanın psixologiyasına bilavasitə təsir edən və davranışını dəyişdirən faktorlardır: "Qınaq alışmadığımız bir şey olduğuna görə və sosial bəyənmə tələbatımıza zidd olduğu üçün beyin bunu təhlükə olaraq dəyərləndirir. Təhlükədən də neyləmək lazımdır? Qaçmaq. Bu isə cəmiyyətdən təcrid olunma deməkdir.
İctimai qınaq atəşinə tutulan bir insan ən adicə sosial şəbəkələrdə üz-üzə qaldığı təzyiqi görəndə bütün bu insanlardan uzaq qalmağa və bir növ yox olmağa çalışır”. 

"İngilis yazıçısı Tomas Qardi ictimai qınaqdan sonra ədəbi fəaliyyətindən əl çəkdi. Hansı ki, o, həqiqətən də gözəl yazıçı idi. Yaxud da başqa bir ingilis yazıçısı Tomas Çatterton ictimai qınaqdan sonra intihar etdi. Yaxud da elə bu yaxınlarda baş verən Elinanın intiharı. Direktor və müəllimlər tərəfindən ona edilən təzyiq və qınağın nəyə səbəb olduğunu gördük. 

İctimai qınaq insan ləyaqət və qürurunu zədələyir. Bu, bir insan psixologiyası üçün çox təhlükəlidir. Bu o demək deyil ki, ictimai qınaq ümumiyyətlə olmamalıdır. Əlbəttə, biz qadını bıçaqlayıb öldürən kişini və bulimiyaya səbəb olan insanları tənqid etməliyik. Sadəcə diqqət etmək lazımdır ki, cəza qəbahətdən böyük olmasın və nəyisə həll etməyi hədəfləsin, məhv etməyi yox”, - psixoloq bildirir.

İctimai qınaq müxtəlif formalarda ola bilər. Məsələn, hər hansı bir aksiya şəklində. 8 martda Bakıda qadına şiddət əleyhinə keçirilən aksiya ictimai qınaqdır. Bu qınağı qadınlar göstərmişdi. Bunu insanlar cəmiyyətdə olan hər hansı hadisəyə qarşı göstərə bilər. 

Türkiyədə belə hadisələr olub. Məsələn, bir mağazadan suriyalı uşaq nə isə oğurlayıb qaçır. Mağazanın sahibi də arxasınca qaçıb uşağı tutur, qaldırıb çırpır yerə. Ətrafda olan insanlar uşağı müdafiə eləməyə çalışırlar. 

Görünən odur ki, ictimai qınaq Azərbaycanda o qədər də formalaşmayıb. İctimai etirazlar yoxdur. Adətən bu, məişət səviyyəsində edilir. 
Bəs ictimai müzakirə özəl həyata müdaxilə edərsə, nə baş verər?

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, hansı cəmiyyətdə ictimai qınaq önəmlidirsə, o cəmiyyətdə idarəetmə də demokratik olur: 
"Azərbaycanda ictimai rəy sosial medianın aktiv istifadə olunmadığı dövrə qədər zəif idi. Amma son zamanlar qınaq sosial media üzərindən ön plana çəkilir. Məsələn, Mehman Hüseynovun azadlığa çıxması, ona açılan ikinci cinayət işinin bağlanması məhz ictimai qınağın uğuru idi. Bu, onu göstərir ki, cəmiyyət gedərək dinamikləşir, hökumətə birbaşa təsir edir. Ancaq heç də demək olmaz ki, bütün məsələlərdə ictimai qınaq öz gücünü göstərə bilir. Məsələn, Əli Həsənovun nəvəsi avtomobili ilə iki nəfəri öldürdü və 2 nəfəri yaraladı, ancaq qısa müddət sonra həbsdən azad olundu. Uzun müddət bu hadisə gündəmdə qaldı. Çox ciddi qınağa çəkilməsinə baxmayaraq effektiv olmadı”.

Hüquqşünas deyir ki, bəzən ictimai əhəmiyyətli məsələ özəl həyata müdaxiləyə gətirir: "Elina hadisəsi də əslində bunun bir nümunəsidir. Bizim media hələ tam peşəkar olmadığından bəzən kobud və açıq şəkildə özəl həyata müdaxilə edə bilir. Bu zaman insanlar özəl həyatın keçilməz qırmızı xətlərini tapdalayır”.

Roza Məmmədova