13:29, 09 Dekabr 2019 (Bazar ertəsi) 144

Azərbaycan insan inkişafına görə neçəncidir?

Azərbaycan insan inkişafına görə neçəncidir?
Dünyada milyonlarla insan üçün təməl yaşam standartları üzrə uçurum daralır, amma eyni zamanda təhsil, texnologiya, iqlim dəyişikliyi ilə bağlı bərabərsizlik nümayişlərə səbəb olur.
 
AzadlıqRadiosunun verdiyi məlumata görə BMT dekabrın 9-da "2019-cu il İnsan İnkişafı Hesabatı”nı açıqlayıb.
 
Hesabatda deyilir ki, bu bərabərsizlik başlı-başına buraxılsa, cəmiyyətdə Sənaye İnqilabından bəri görünməmiş "yeni böyük fərqliliy”ə yol açar.

BMT-nin İnkişaf Proqramının (UNDP) araşdırmasına görə, 2018-ci ildə insan inkişafı proqresinin 20 faizi təhsil, səhiyyə və yaşam standartlarının qeyri-bərabər bölünməsi səbəbindən itirilib.

Hesabat 189 ölkəni əhatələyir və ölkələr 4 qrupa bölünür.

"Ən yüksək insan inkişafı” adlı 1-ci qrupda ilk beşliyi Norveç, İsveçrə, İrlandiya, Almaniya və Çinin tərkibində olan Honq Konq şəhəri tutub.

Hesabatda Azərbaycan və qonşuları

Rusiya 49-cu yeri tutmaqla bu kateqoriyaya düşüb.

2-ci qrup "yüksək insan inkişafı” adlanır. Azərbaycan 87-ci pillədə bu kateqoriyada yer alıb. Qonşulardan Gürcüstan 70-ci, Ermənistan 81 və İran 65-ci yeri tutaraq bu qrupa salınıblar.

Qırğızıstan (122), Tacikistan (125), Pakistan (152) kimi ölkələr "orta insan inkişafı” qrupundadır.

"Aşağı insan inkişafı” adlı 4-cü kateqoriyada son beşliyi Burundi (185), Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası və Niger (189) tutub.

Hesabatda təhsil, büdcə vəsaitlərinin xərclənməsində siyasətin dəyişdirilməsinə çağırış yer alıb.

"Bərabərsizlik doğumdan qabaq başlanır və böyüdükcə artır deyə, uşaqların təhsilinə, səhhəti və qidalanmasına yatırım vacibdir. Bu sərmayələr insanın həyatı boyunca davam etməlidir, çünki əmək bazarında qazanca və məhsuldarlığa təsirini göstərir”, – hesabatda vurğulanır.

UNDP-nin müşahidəsinə görə, daha məhsuldar işçi qüvvəsi olan ölkələrdə sərvət yuxarıda – bir qrup adamın əlində cəmlənmir. Buna daha güclü həmkarlar ittifaqlarını, minimum əməkhaqqı hüququnu, sosial müdafiəni, qadınların iş bazarına daha çox cəlbini dəstəkləyən siyasət imkan verir.

Hesabatda vergiqoymanın rolu da önə çəkilir. Belə ki, səhiyyə, təhsil, daha yaşıl enerji alternativlərinə büdcə ayırmalarını dəstəkləyən siyasətin arxasında ədalətli vergi sistemi dayanmalıdır, qurum bildirir.