11:08, 13 Sentyabr 2019 (Cümə) 165

Azərbaycan iqtisadi azadlığa görə dünyada neçənci sıradadır?

Azərbaycan iqtisadi azadlığa görə dünyada neçənci sıradadır?
 Freyzer İnstitutu sentyabrın 12-də illik Dünyada İqtisadi Azadlıq hesabatını açıqlayıb.

Azadlıq Radiosunun verdiyi xəbərə görə, dünyanın iqtisadi baxımdan ən azad yurisdiksiyaları yenə də Honq Konq və Sinqapurdur.

İlk onluqda yer alan digər ölkələr Yeni Zelandiya, İsveçrə, Birləşmiş Ştatlar, İrlandiya, Böyük Britaniya, Kanada, Avstraliya və Mavriki adasıdır.

2016-cı ildə 16-cı yerə düşmüş Birləşmiş Ştatlar bu il iqtisadi baxımdan azad beşliyə qayıdıb.

Azərbaycan reytinqdə 116-cıdır, balı 6,34-dür.

Gürcüstan 12-ci, Ermənistan 27-ci yeri tutub. Gürcüstanın balı da bir il öncəylə müqayisədə yaxşılaşıb, 7,94 olub. Qonşu ölkə ötən il reytinqdə yeddinci yeri tutmuşdu, ancaq sonradan təşkilat tədqiqat metodologiyasını dəyişdiyindən yeri dəyişərək 13-ə düşdü.

Qonşulardan İran 143, Rusiya 85-cidir.

Hesabat iqtisadi azadlığı – fərdlərin öz iqtisadi qərarlarını vermək bacarıqlarını 162 ölkədə və ərazidə siyasətləri və qurumları təhlil etməklə dəyərləndirir. Buraya tənzimləmə, beynəlxalq ticarət azadlığı, hökumətin ölçüsü, sağlam hüquqi sistem və mülkiyyət hüquqları, hökumətin xərcləri və vergi sistemi daxildir.

Hesabatda deyilir ki, iqtisadi azadlığın yüksək səviyyədə olduğu ölkələrdə daha böyük rifah, daha çox siyasi və mülki azadlıqlar var, adamlar daha çox yaşayır.

Məsələn, iqtisadi azadlığa görə yuxarı kvartilə düşən ölkələrdə 2017-ci ildə ortalama adambaşına ÜDM 36 min 770 dollar olub. Son kvartili tutan ölkələrdə isə bu, 6 min 140 dollardır. Yoxsulluq göstəriciləri də fərqlənir. Yuxarı kvartildə əhalinin cəmi 1,8, son kvartildə isə 27,2 faizi aşırı yoxsulluq həddində yaşayır

Yuxarı kvartili tutan ölkələrdə ömür uzunluğu 79,5 il, dibdəki ölkələrdə isə 64,4 ildir.

Yəni, adamlar öz imkanlarından azad şəkildə yararlanaraq azad seçim edə bildikləri ölkələrdə daha xoşbəxt və sağlam həyat yaşayırlar.

Freyzer İnstitutu illik İqtisadi Azadlıq reytinqini İqtisadi Azadlıq Şəbəkəsi ilə birlikdə hazırlayır. Bu şəbəkə 100-dək ölkə və ərazidə müstəqil tədqiqat və təhsil institutlarından ibarətdir. BU reytinq dünyada iqtisadi azadlığı ölçən öncül dəyərləndirməsi sayılır.