22:14, 15 Aprel 2020 (Çərşənbə) 459

Azərbaycan iqtisadiyyatında son durum: Müsbətdən mənfiyə enməmək üçün nə etməli?

Azərbaycan iqtisadiyyatında son durum: Müsbətdən mənfiyə enməmək üçün nə etməli?
"Moody`s” beynəlxalq reytinq agentliyi  koronavirus epidemiyası və neftin ucuzlaşması fonunda Azərbaycanın bank sistemi üzrə proqnozu "müsbət"dən "mənfi"yə dəyişdiyini açıqlayıb.

Müsbətdən mənfiyə eniş koronavirus pandemiyasının gətirdiyi iqtisadi passivlik, neft qiymətlərinin ucuzlaşması, və s. ilə əsaslandırılıb.

Açıqlamada neft qiymətlərinin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta biznes müəssisələrinin, eləcə də iri şirkətlərin öz kreditlərinə xidmət göstərmək qabiliyyətinə zərbə vuracağıyla bağlı gözləntilər əks olunub. Proqnoza görə, bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına gətirib çıxaracaq.

Beynəlxalq Valyuta Fondu (IMF) isə bu ilin yekununda Azərbaycanda qiymət artımının 3,3% təşkil edəcəyini proqnozlaşdırır. 

Qurumun hesabatında gələn il inflyasiyanın 3,2% olacağının gözləndiyi bildirilir. 

Bəs qiymət sabitliyi hansı səbəbdən vacibdir, yaxud sabitlik pozulsa, nələr ola bilər?

Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin sonlarına aid bəyanatında 2020-ci ildə əsas məqsədin qiymət sabitliyini qorumaq olacağını bildirirdi. Həmçinin hesabatda bunlar da əks olunub: "Qiymət sabitliyi istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Qiymət sabitliyi hesabına etimad qazanmış siyasət sahibkarlara və ev təsərrüfatlarına öz investisiya və istehlak planlarını ortamüddətli dövrə əminliklə tərtib etməyə imkan yaradır. Stabil aşağı inflyasiya gəlirlərin və yığımlarının dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bu da daxili investisiya potensialını artırır və iqtisadi inkişafa təkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gəlirli əhalinin istehlak səviyyəsini qoruyur və gəlir bərabərsizliyinin dərinləşməsinə mane olur”.

İqtisadçı ekspert Natiq Cəfərli  hazırki durumu iqtisadi böhran kimi qiymətləndirir, bunun daha çox işsizliyə və əhalinin maddi durumunun ağırlaşmasına səbəb olacağını bildirir.
"Azərbaycanda problem həm də neft qiymətləri ilə bağlıdır: valyuta gəlirləri kəskin azalır, ÜDM azalacaq, manata olan basqılar artacaq”. 
 
 
 
Ekspertin sözlərinə görə, növbəti mərhələ həm dünyada, həm də Azərbaycanda maliyyə-bank böhranı olacaq, özü də bu böhran yaxın 2 ayda daha da kəskin hiss ediləcək. Söhbət ondan gedir ki, dünya ölkələrində həm biznes, həm əhali kredit öhdəliklərini yerinə yetirə bilmir, getdikcə faiz ödəmələri azalacaq, toksik, problemli kreditlərin həcmi artacaq.
Bu gün Azərbaycanda kredit portfelinin həcmi 15 mlrd. 513 mln manatdır. Kreditlərin isə az qala yarısı istehlak kreditləridir.

Ekspert bildirir ki, istehlak krediti götürən əhalinin çoxu kredit faizlərini ödəyə bilmir. Hökumət isə addım atmaqda gecikir, sonda daha baha qiymətə bankları xilas etməyə məcbur olacaq. 

Hökumətin yardım paketində kreditlərlə bağlı bir bənd var: bəzi iş adamlarına götürdükləri kreditlər üzrə faizlərin yarısını dövlət ödəyə bilər: "Məsələn, kafe-restoran işlədən iş adamı, bankdan 15%-lə biznes krediti götürür, bu pula yeni avadanlıq, stol-stul alır, obyekti təmir edir ki, işləyib krediti bağlasın. Hökumət isə obyekti bağlamağı, işləməməyi deyir. Beləcə sahibkar obyektini bağlamalı olur. Eyni zamanda sahibkar məcbur qalır ki, işçini ixtisar etməsin, obyektin icarə pulunu və bankdan aldığı krediti özü ödəsin. İş adamı  bunu edə bilərmi? Təbii ki, yox. Bəs nə olacaq? Sadəcə kredit üzrə faizləri ödəməyəcək”, - Natiq Cəfərli izah edir.

 Ekspert bildirir ki, eyni vəziyyət istehlak kreditləri ilə də yaranıb: əhalinin böyük bir qismi işləmir, evdə oturub, gəliri yox, qazancı yox, istehlak kreditləri ilə bağlı hökumət heç bir addım atmır. Əhali faizləri ödəyə bilmirsə, deməli, toksik, problemli kreditlərin həcmi artacaq: "Martın əvvəlinə ölkədə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 307 milyon manat olub və ümumi kredit portfelinin 8,4 faizini təşkil edib. Cəmi 3 aydan sonra (aprel-may-iyun) problemli kreditlərin həcmi 2 dəfəyə yaxın artacaq, əgər iyulda iqtisadiyyat işə düşməsə (hətta karantin bitəndən sonra belə iqtisadiyyatın çarxlarının dönməyə başlaması, azı, 6 ay çəkəcək). Növbəti 3 ayda problemli kreditlərin həcmi 5 mlrd manata, ümumi kredit portfelinin 25-30%-nə çata bilər”. 

Müsbətdən mənfiyə enməmək üçün nə etməli?

N.Cəfərli bəsit addımlarla məsələnin çözülə biləcəyini də bildirir: "Bütün növ kreditlərlə bağlı faiz ödəmələrini 6 aylıq dondurmalı, banklara ziyan dəyməsin deyə onlar da 6 aylıq bütün növ vergilərdən azad edilməlidir. Vergidən tam azad olunma bankların itkilərini kompensasiya etməyəcək. Ona görə də, Mərkəzi Bank öz manat rezervlərindən bütün banklara ilk 6 ayı 0%, növbəti 6 ayı isə 3% olmaqla bir illik kredit xətti açmalıdır. Bu addımlar banklar üçün çox cazib və sərfəli olacaq, əhali və biznes də dərindən nəfəs alacaq”.

Roza Məmmədova