15:48, 15 May 2019 (Çərşənbə) 141

Azərbaycan LGBT fərdlərinə qarşı dözümsüzlük göstərməkdə birinci olub

Azərbaycan LGBT fərdlərinə qarşı dözümsüzlük göstərməkdə birinci olub
Azərbaycan, Avropada LGBT fərdlərinə qarşı dözümsüzlük göstərməkdə birinci olub.

Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assosiasiyası (ILGA-Europe) apardığı araşdırmada Azərbaycanı ən aşağı balla qiymətləndirib. 

Azərbaycan 100 faizlik cədvəldə 3 faizlik nəticə göstərib.

Avropanın 49 ölkəsində aparılan araşdırmaya görə son sıradakı Azərbaycanın ardından Türkiyə (5 faiz) və Ermənistan (7 faiz) gəlir. Bu ölkələrin ardınca isə 10 faiz ilə Rusiya gəlir.
Assosiasiya bir neçə kateqoriya üzrə qiymətləndirmə aparıb. 

Azərbaycan 3 faizi 69 kateqoriyadan yalnız məşğulluq və nikah bərabərliyi sahəsini əhatə edən kateqoriyalardan alıb.

LGBTİ icmasına bərabər hüquqların verilməsi sahəsində ən yaxşı nəticə 90 faiz ilə Maltaya aiddir. Ardınca Belçika, Lüksemburq və Finlandiya gəlir.

"ILGA-Europa” təşkilatının icraçı direktoru Evelyne Paradis deyib: "Hazırda getdikcə qütbləşən ictimai və siyasi iqlimdə, qanunlar və siyasətlər LGBTİ icmalarının sonuncu müdafiə xəttidir”.

"Human Rights Watch” təşkilatı  LGBT tədqiqatçısı olan Kyle Knight "ILGA-Europa” tərəfindən açıqlanan LGBT hüquqları pozuntularına görə təəccüblənmədiyini bildirib.

Ümumilikdə Avropa 38 faiz toplaya bilib.


Uğur Fərzəli