12:36, 12 İyun 2019 (Çərşənbə) 140

Milli futbol komandamız məğlub oldu, azarkeşlər “istefa” tələb etdi - VİDEO

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

İyunun 11- də Azərbaycan millisi  "Bakcell Arena”da  Slovakya millisini qonaq edib.

Qarşılaşma Azərbaycan yığmasının 1:5 böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb.

Oyunun birinci hissəsi bitdiyində stadionda AFFA rəhbərliyinə ünvanlanmış "İstefa” şüarları səsləndirilib. Mülki geyimli polislərin müdaxiləsi ilə azarkeşlər susdurulub. 

Ümumilikdə 26 azarkeşin Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıldığı bildirilir. 

Oyundan sonra  milli komandanın məşqiçisi Nikola Yurçeviç  azarkeşlərdən üzr istəyib: "Əlbəttə, pis nəticədi. Dördüncü qola qədər müəyyən şanslarımız oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi. Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirik”.

Oyundan sonra  AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb.
 
AFFA rəsmi saytının verdiyi xəbərə görə təcili AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub

Sosial şəbəkələrdə isə Azərbaycan millisinin son oyunlarda üst-üstə aldığı məğlubiyyətlərdən sonra AFFA-ya qarşı kampanya başladılıb. Belə ki, bir qrup azarkeş imzatoplama aksiyası keçirərək AFFA-nın baş katibi Elxan Məmmədovun istefasını tələb edir. 

Azərbaycan millisi AVRO-2020 seçmə mərhələsində 3 oyun keçirib. Hər 3 oyunda da məğlub olub.
 
Əbülfət Baxşəli