17:09, 17 İyun 2019 (Bazar ertəsi) 61

Azərbaycan qazı Avropaya çatdırılıb

Azərbaycan qazı Avropaya çatdırılıb
Gürcüstan-Türkiyə sərhədindən daxil olan "Şahdəniz” qazı iyunun 15-də artıq Avropa sərhəddinə çatıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, 2018-ci il yanvarın 23-də Trans-Anadolu Boru Kəmərinə (TANAP) Gürcüstan-Türkiyə sərhədindən daxil olan "Şahdəniz” qazı 2019-cu il iyunun 15-də Avropa sərhədinə çatdırılıb.

Layihəyə əsasən, TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməlidir. ("Report”)

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində "Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.