11:19, 07 Noyabr 2019 (Cümə axşamı) 41

Azərbaycan Rusiyanın səfirinə nota verib

Azərbaycan Rusiyanın səfirinə nota verib
Noyabrın 6-da Azərbaycan Rusiyanın səfirinə nota təqdim edib.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya Federasiyasının (RF) fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla xarici işlər nazirinin müavini Xələf Xələfov görüş keçirib:

"Görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.”

XİN-in vurğulamasına görə, notada qondarma qurumun "nümayəndələri”nin Rusiyada bir sıra görüşlər keçirməsinin Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-quo-nu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamasına xidmət etdiyi qeyd olunub.

Məlumata görə, nazirlik bu kimi səfərlərin təxribat xarakteri daşıdığını, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, bu Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə salır:

"Qeyd olundu ki, Rusiya tərəfinin bu cür səfərlərə şəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni "hakimiyyət orqanları”nın "nümayəndələri” Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər”.

Nazirliyin bildirməsinə görə, eyni zamanda, qondarma qurumun "nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəliklər ilə uzlaşmır:

"Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsini gözlədiyini səfir M. Boçarnikovun diqqətinə çatdırdı. Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər-hansı tanınmamış qurumların "nümayəndələri”nin RF ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə RF XİN-ə məruzə edəcəyini bildirib”.

XİN-in bu açıqlamasına, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​