16:34, 14 Dekabr 2018 (Cümə) 641

Azərbaycan sənayesinin həcmi açıqlanıb

Azərbaycan sənayesinin həcmi açıqlanıb
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 44 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin (DSK) dekabrın 14-də açıqladığı məlumatlara görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz çoxdur.

Rəsmi məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9.1 faiz, neft sektorunda isə 0.3 faiz artıb.

Sənaye məhsulunun 73.4 faizinin mədənçıxarma, 21.9 faizinin emal, 4 faizinin də elektrik enerjisi sahəsində istehsal edildiyi bildirilir.

DSK hesabat dövründə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər haqqında da məlumatları bölüşüb. Həmin açıqlamaya görə, göstərilən dövrdə bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899.4 milyon manat yönəldilib. Həmin vəsaitin 69.9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Yönəldilən vəsaitin həcminin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.8 faiz az olduğu bildirilir. Rəsmi məlumatda bu hal neft sektoruna yatırılmış investisiyaların azalması ilə izah edilir.

DSK qeyd edir ki, 11 ayda qeyri-neft sektoruna qoyulan vəsaitin həcmi 21.2 artıb.