23:52, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 661

"Azərbaycanda barbarlıq dövründə olan qayda-qanun saxlanılır" - Hüquqşünas

Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.

Baş nazir Mamuka Baxtadze deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: "Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.

Bəs iqdisadi göstəriciləri Gürcüstandan üstün olan Azərbaycanda belə bir qərar niyə tətbiq olunmur?

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Toplum tv-yə bildirib ki, bu mövzu ilə bağlı Milli Məclisdə müzakirələr aparılsa da icra edilmir: "Bu çox önəmli bir qərardır. Müəyyən qədər insanların inamını artırıb onların borclarının silinməsinə köməklik edib. Azərbaycanda da belə bir problem var. Vaxtı keçmiş  kreditlər  təxminən iki milyon manata yaxındır. Bu məsələlər mütəmadi olaraq Milli Məclisdə  qaldırılır, müraciətlər edilir, hələlik isə öz həllini tapmır. Həmçinin dünən  beş  komitənin iclasında  bu mövzu ilə  bağlı müzakirələr olundu. Ümumiyyətlə, belə  bir qərarın qəbuluna Azərbaycanın da ehtiyacı var. Çünki ölkənin kifayət qədər ehtiyatı var və vətəndaşları belə bir yükdən azad etmək mümkündür.  Ancaq bu birbaşa prezidentin səlahiyyətində olan məsələdir.

Azərbaycanda barbarlıq dövründə olan qayda-qanun saxlanılır.

Bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənovun sözlərinə  görə, əgər, şəxs borclarını ödəyə bilmirsə, o müflis elan edilir və  borcları silinir: "Gürcüstan höküməti güzəşt etməyib, sadəcə  bütün sivil ölkələrdə olduğu kimi borcunu ödəyə bilməyən vətəndaşların borclarını silib. Yəni qanun belədir ki, hər kəs əmlakı həddində borclarına cavabdehdir. Əmlakı varsa tutulur, olmadığı halda silinir. Azərbaycanda da bu qanun var. Mülki məcəllədə əgər hansısa öhdəlik icra edilə  bilmirsə, o öhdəliyə xitam verilir. Icra haqqında qanunda isə deyilir ki, hansısa məhkəmə qərarı üzrə borc ödənilə bilməzsə, bağlanır. Müflisləşmə və  iflas haqqında qanunda deyilir ki, əgər şəxs borclarını ödəyə bilmirsə  o müflis elan edilir və  borcları silinir. Sadəcə, bizdə  nə hökumət, nə də məhkəmələr tərəfindən icra olunur. Barbarlıq dövründə olan qayda-qanun saxlanılır. Yəni ya ödəməlisən, ya da tutacağıq səni. Hazırda borcunu ödəyə bilməyən vətəndaşa məhkəmə, icra məmuru tərəfindən min cür təzyiq olunur. Əgər vətəndaşın bir evi varsa  borcuna görə  mülk əlindən alına bilməz, amma onu satmağa məcbur edirlər. Gürcüstan hökuməti sadəcə qanunla işləyir, ancaq bizdə bu qanuna riayət edən yoxdu. Gürcüstan bir daha sübut etdi ki, aparıcı ölkələr ilə bir yerdə irəliləyir, Azərbaycan isə bu məsələlərdə barbarlıq dövründə qalıb. Mən həmçinin bu məsələ ilə bağlı konstitusiya, vətəndaşların borcuna görə həbsi ilə bağlı Avropa  məhkəməsinə  müraciət etmişəm”. 

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirib ki, Azərbaycanda dövlət, devalvasiya nəticəsində krediti dollarla götürən vətəndaşların vəziyyətinin pisləşməsinə yol açıbsa, onun aradan qaldırılması üçün özünün imkanlarından istifadə etməlidir:

"Burada iki yanaşmanı biri-birindən ayırmalıyıq. Birincisi, bazar iqtisadiyyatında hər bir mal və xidmətlərin mütləq mənada qarşılığı olma prinspini unutmaq olmaz. Özəl sektordan hansı malı və ya xidməti alırsansa, onun qarşılığı olaraq ekvivalenti olmalıdır. Almısansa, ödəməlisən. İkincisi, alış və ya satış bazarında dövlətin makroiqtisadi konteksdə neqativ təsirləndirməsi varsa, bu zaman dövlət həmin ziyanların qarşılanmasında vətəndaşların yanında olmalıdır. Sosial dövlət modeli həm də məhz bunu nəzərdə tutur. Sabit rejimi poza biləcək addımlar dövlət tərəfindən atılıbsa və ya dövlət susqunluğu ilə buna rəvac veribsə, bu zaman onun qarşılanmasında suç payı var. Onun aradan qaldırılmasında resurslarını xərcləməlidir. Azərbaycanda dövlət, devalvasiya nəticəsində krediti dollarla götürən vətəndaşların vəziyyətinin pisləşməsinə yol açıbsa, onun aradan qaldırılması üçün özünün imkanlarından istifadə etməlidir. Buna indiki halda Azərbaycanın maliyyə imkanları tamamilə cavab verir. Sadəcə, ictimaiyyət qarşısında olan məsuliyyətin dərk olunması və iradə lazımdır. Özü də ki böyük iradə tələb etmir”.

Nəzrin Bədəlli