15:32, 12 May 2020 (Çərşənbə axşamı) 1440

Azərbaycanda daha iki bank bağlandı

Azərbaycanda daha iki bank bağlandı
Mayın 12-də daha 2 bankın - "AGBank” ASC və "NBCBank”ın lisenziyaları ləğv edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. 

Məlumatda bildirilib ki, "NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən  qiymətləndirmələr aparılıb, həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğu, kapitalın tam itirildiyi, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub. Əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub. 

Bildirilib ki, "NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. 

Məlumata görə, məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub: "Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən olunub ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib”. 

"AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən  dəqiqləşdirmələr aparılıb. Nəticədə həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilib və daha da pisləşdiyi məlum olub: "30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu”. 

Mərkəzi Bankın İdarə Heyəti adıçəkilən bankların müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib. 

Mərkəzi Bankdan bildirilir ki, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. 

AMB İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən "Atabank” ASC, "AGBank” ASC, "NBCBank” ASC və "Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuşdu. 

Aprelin 28-də isə AMB  İdarə Heyəti "Atabank” və "Amrah Bank”ın lisenziyalarını ləğv edib. 

Elmar Əziz