19:21, 09 Avqust 2019 (Cümə) 186

Azərbaycanda harada, necə, hansı qiymətə istirahət etmək olar?

Azərbaycanda harada, necə, hansı qiymətə istirahət etmək olar?
İstirahətin verdiyi həzz və təəssürat uzun müddət bizi potensial enerji mənbəyi edir. 

Ancaq tək bir əngəl var: hansı qiymətə və harada dincəlmək?

Yayın başlamasıyla insanlar xaricə, xüsusən də qonşu ölkələr olan Rusiya, İran, Türkiyəyə axın edirlər. 

Buna səbəb kimi yerli istirahət məkanlarında qiymətlərin bahalığı və xarici ölkələrin daha münasib olmasıdır.

Bəs ölkədən kənara çıxmaq istəməyənlər istirahət üçün hara getsin? 

Bu yazıda Azərbaycanda normal qiymətə istirahət edə biləcəyi yerləri axtarmağa çalışacağıq. 

NABRAN
 
 

Qədim meşələr, mavi dəniz, təmiz çimərliklər, əlverişli iqlim. Təkcə bu siyahı Nabranı bir xeyli populyar edir. Nabran turistik zona olduğundan burda xarici turistlər də əksəriyyət təşkil edir. Gələk qiymət məsələsinə. Evlərin gündəlik kirayəsi 30-40 manat civarındadır. Bir günlük qida rasionu 15-20 AZN arasında dəyişir. Otellərdə bir gecənin qiyməti 1nəfər üçün 80 AZN-dən başlayır.

ŞƏKİ-ZAQATALA
 
 

 Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir.  

Qədim Nic, Qəbələ Diyarşünaslıq muzeyi, Yeddi Gözəl, Mucuq şəlaləsi Qəbələdə gəzmək üçün ideal yerlərdir. İsmayıllının Lahıc kəndi, Şəkinin Xan sarayı, Kiş məbədi, Şərq bazarı insanların ən çox baş çəkdiyi yerlərdən hesab olunur. 

Rayonların bir-birinə yaxın olması bu zonaya birdəfəlik turla getmək imkanı verir. Baxdığımız səyahət səhifəsində otellərin  bir günlük minimal qiyməti Qəbələdə 93 AZN, Şəkidə 40 AZN, İsmayıllıda 99 AZN, Qaxda 59 AZN, Oğuzda 39 AZN-dır. Evlərin bir günlük kirayəsi 30-50 manat arasında dəyişir.

LƏNKƏRAN-ASTARA
 
 

Uzunömürlülər diyarında-Xan sarayı, Lənkəran mayakı, Divlər qəbristanlığı, Hirkan Milli Parkı, Buzeyir mağarası, Oğlanqala, Qız qalası, Xanbulaq, Təkdam şəlaləsi, Deman düzünə baş çəkməklə ömrünüzə bir xeyli uzunluq qatacaqsınız. Otellərin 1 gecəlik tək nəfər üçün qiyməti  50-60 AZN-dən başlayır. Qidalanmaya görə qiymətlər arta bilər.

GƏNCƏ-QAZAX 
 
 

Turş su bulağı, Şır-şır şəlaləsi, Koroğlu qalası, "Simens" qardaşları körpüsü, Göygöl, Maralgöl, Hacıkənd, Cavad xan türbəsi bu bölgənin turistik yerləridir. Yaylaq yurdunda keçirilən Milli Yaylaq festival bölgəni bir daha diqqət mərkəzinə çəkdi. 

Gədəbəydə festival və otellərdə sıxlıq olduğundan qiymətlər daha yüksək, digər ərazilərdə isə otellərin bir günlük icarəsi 50-60 manatdan başlayır. 20 manatdan başlayan qiymətlərlə hostel və yerli sakinlərin evlərini də kirayələmək olar.

Əgər, gediləcək məkanları axtarmağa tənbəllik edirsinzə səyahətinizi turlar vasitəsi ilə də edə bilərsiniz. Turların qiyməti ərazi və zamana görə dəyişir. Bir günlük turlar 18-25 manatdan başlayır və bura adətən, səhər yeməyi, fotossesiya, əyləncəli oyunlar daxil olur. 2-3 günlük turların qiyməti 100 manatın üzərindədir. Təbii, bura otel və qidalanma daxil olduqda qiymətlər təxminən 50 manat artır. Yerləri kəşf etməyi özünə həvalə edənlər üçün bir neçə məsləhət; 

Qalmaq üçün hostelə üstünlük verə, ya da qalacaq evi özünüz seçməklə qiymətləri bir xeyli aşağı endirmək mümkündür. Nəqliyyat kimi taksilərə deyil, avtobuslara üstünlük verin. Yaxşı olar ki, səyahəti qabaqcadan planlayasız. Bununla həm zamanınıza qənaət etmiş olacaq, həm də qarşılaşa biləcəyiniz çətinliklərə daha hazırlıqlı olacaqsınız.

Roza Məmmədova