15:52, 19 İyul 2019 (Cümə) 202

Azərbaycanda həyat sığortası üzrə yığımlar kəskin azalıb

Azərbaycanda həyat sığortası üzrə yığımlar kəskin azalıb
2019-cu ilin I yarısında ölkədə həyatın yaşam sığortası üzrə 85,056 milyon manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu məbləğin ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% az olduğunu göstərir.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bu halın baş verməsinin səbəbləri barədə Toplum.Tv-yə danışıb.

O deyib ki, ötən il həyatın yaşam sığortası ilə bağlı DSMF güzəştləri ləğv edildi: "Yəni əvvəllər həyatın yaşam sığortasına ayrılan vəsaitlər tamamilə vergidən və DSMF ödənişlərindən azad idi. Amma keçən il belə bir dəyişiklik etdilər ki, insan ödəmək haqqının yalnız 50 faizi güzəştdən istifadə edə bilər, yerdə qalan 50 faizi isə məcburi sosial sığortanı ödəməlidir. Bu da bir balaca məhsulun ümumi miqdarını azaltdı və məhsula olan marağı aşağı saldı. Yəni belə halın olacağı gözlənilən idi. Başqa səbəbi yoxdur”.

Son 1 ildə bu sığorta növü üzrə ödənişlər 17,8% azalıb, 39,599 milyon manata düşüb.

Hesabat dövründə həyatın yaşam sığortasından toplanmış hər 100 manat sığorta haqqının 46,6 manatı ödənişə yönəldilib. 

Bu rəqəm 1 il bundan əvvəl 36,8 manat olub.

Şəhla Abbas