14:35, 14 Oktyabr 2019 (Bazar ertəsi) 602

Azərbaycanda heyvan hüquqları necə qorunur?

Azərbaycanda heyvan hüquqları necə qorunur?
Heyvansevərlər tez-tez bu iddianı səsləndirirlər. Sosial şəbəkələrdə sahibsiz heyvanlara qarşı davranışlar və itlərin güllələnməsi ilə bağlı yayılan videogörüntülər bunu demələrinə əsas verir. 

Heyvansevər Aytac Həsənova da ToplumTV-yə deyir ki, ilk dəfə bu halla 2017-ci ildə rastlaşıb: "Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri silahlandırılaraq evsiz itləri öldürülmək üçün göndərilir. Mən ilk dəfə 2017-ci ilin oktyabrında internetdə belə bir video gördüm, üzərində "Bakı Şəhər İcra Hakimiyyəti” yazılmış uniformalı işçilər bir itin ağzına məftil dolayıb. İtin qanı tökülür, ağzından tutub BŞİH yazılmış bir maşına sürüyürlər. Başladım araşdırmağa, sən demə, illərdir mütəmadi olaraq BŞİH işçiləri silahlandırılaraq evsiz itləri öldürülmək üçün işlədilir. Güllələnmədən əlavə, şəhərin müxtəlif yerlərində dəfələrlə itlərin diri-diri maşınlara doldurulub aparıldığının şahidi olmuşduq. Balaxanıda Mənzil Kommunal Təsərrüfatı Departamentinin qonşuluğunda isə sahibsiz itlərlə mübarizə idarəsi yerləşirdi. Bu qurumdan məsul şəxs Mübariz Hüseynov idi. İtlər üstündə BŞİH yazılan maşınlara doldurulub bu mərkəzə gətirilirdi. Vətəndaşların üzünə bağlı olan bu dörd divarın içərisinə 2016-cı ildə heyvansevərlər zorla qapını açaraq girdilər və içəridə çoxlu xəstə, ölü it gördülər”.
 


Heyvansevər deyir ki,bu videolar yayıldıqdan sonra həmin əraziyə giriş yasaqlanıb. Ancaq darvazadan çöldə bir neçə it olub ki, o heyvanlar haqqında daimi sosial şəbəkələrdə paylaşım edilib: "Biz hər gün ora gedib, həmin itlərə yemək verib, nəzarət edirdik. Həmin itlər bir müddət bizim nəzarətimiz sayəsində salamat qaldılar. Amma içəri heç kəs buraxılmırdı və şəhərdən tutulub maşınla gətirilən itlər elə bizim gözümüzün qarşısında içəriyə aparılırdı, maşınlar içəridən boş çıxırdı”.

Aytac Həsənova deyir ki, heyvanların haqlarını qorumaq üçün imzatoplama kampaniyası keçirsələr də, kifayət qədər dəstək verən olmayıb: "Biz içəriyə girişə icazə verilməsi üçün bir neçə dəfə piket keçirdik. Orada plakatlarla, ortalama 50-60 nəfərin gəldiyi kiçik aksiyalar olurdu. Həmin vaxtlar media dəstəyi də olmurdu. 2017-ci ildə heyvanlara qarşı zorakı davranış əməlinin İnzibati Xətalar Məcəlləsindən çıxarılıb Cinayət Məcəlləsinə daxil edilməsi üçün kampaniya başlatdıq. Konstitusiyanın tələbinə görə, yeni qanun təklifi minimum 40.000 imza ilə dəstəklənərsə, müzakirəyə çıxarıla bilər. Özüm də günlərimi, həftələrimi sərf edərək bacardığım qədər çox imza toplamağa çalışdım. Nə qədər çalışsaq da, sadəcə, bir neçə yüz imza toplaya bildik. 40.000 imzaya çatmaq mümkün olmadı. Hazırda bu əməlin cəzası 300-500 manat cərimədir və cinayət hesab olunmur. Sonra həmin ərazidə müxtəlif televiziya kanallarından müxbirlərin də iştirak etdiyi daha irimiqyaslı aksiyalar təşkil etdik. Bununla yanaşı, bir il idir ki, BŞİH, DİN, Bələdiyyə və Ekologiya Nazirliyinə dəfələrlə bu idarədə baş verənlər haqqında şikayət məktubu yazırdıq, zənglər edirdik, amma bizə hər dəfə eyni cavab göndərilirdi. Yazırdılar ki, idarədə heç bir it öldürülmür, itlər bura gətirilərək vaksinasiya olunub qısırlaşdırılır və geri qaytarılır". 
 


"Məsələ get-gedə daha çox ictimailəşdirilirdi. 2018-ci ilin may ayında xəbər yayıldı ki, Leyla Əliyeva guya bu işdən məsul olan 8 nəfəri işdən azad edib. Daha sonra xəbər yayıldı ki, idarə bağlanır və rekonstruksiya aparılaraq yeni bir mərkəz açılacaq. Buranın da adı "Toplan" olacaq. Və qapılar vətəndaşlara açıq olacaq ki, qanunla belə də olmalıdır. Biz çox sevindik, həqiqətən. Baxmayaraq ki, media oranın bizim aksiyalarımız nəticəsində yox, Leyla xanımın lütfü ilə bağlandığını yazırdı. İdarə bağlandı, oradakı itlərimizi başqa yerə köçürdük və s. Bu arada güllələnmə daha da intensivləşdi. Öz məhləmizdəki tanıdığım itlərin belə güllələnmiş cəsədləri ilə rastlaşdım. Biz zooaktivistlər daim əlaqədə idik, güllələnmə xəbəri hər gün birimizdən gəlirdi, hər gün mart ayının 1-ci toplan açıldı söz verdiklərinin əksinə olaraq, heç birimizi içəri buraxmadılar. Yenə itləri toplan maşınlarına doldurub içəri aparırdılar. 2-3 dəfə ”Toplan”nın qarşısında aksiya keçirdik. Bir dəfə də Bakı Şəhər İcra Hakimiyyəti binası qarşsında bizi, sözün əsl mənasında, yola verdilər", - deyə heyvansevər bildirib.

Aytac Həsənovanın dediyinə görə, hər gün çoxlu sayda it yığırlar, indi şəhərin hər yerində toplan tərəfindən sarı birkalarla nişanələnmiş itlər olmalı idi, amma heç birimiz onları görmürük: "Toplan” özünü belə təqdim etmişdi ki, fəaliyyəti itləri qısırlaşdırıb peyvəndləməkdən ibarət olacaq və itləri götürdükləri ünvana qaytaracaqlar. Peyvəndli, birkalı itləri yığımağa başladılar, heç bir iti ünvana qaytarmadılar və bir neçə dəfə Quba, Xızı yolunda "Toplan” tərəfindən birkalanmış itlərlə rastlaşdıq. Hər gün çoxlu sayda it yığırlar, indi şəhərin hər yerində toplan tərəfindən sarı birkalarla nişanələnmiş itlər olmalı idi, amma heç birimiz onları görmürük”.
 


"Toplan sahibsiz itlərə qayğı mərkəzi” isə ToplumTV-yə bildirib ki, heyvan hüquqları təmin olunur. Sosial şəbəkələrdə yayılan videoları və imza kampaniyalar barədə isə heç bir məlumatları yoxdur. 

Qurum yalnız vətəndaşlardan gələn şikayət və müraciətləri qəbul edilir. Quruma gətirilən itlər qısırlaşdırılır, peyvənd vurulur, qulaqlarına cib taxılır sonra isə buraxılır.

ToplumTV   "IDEA Heyvanlara Qayğı Mərkəzi"-nə sual ünvanlasa da, qurum bu barədə, ümumiyyətlə, heç bir məlumat verməyib. Qurum işçisi menecerlə əlaqə saxladığını bildirib və o, yalnız canlı ünsiyyət zamanı müsahibə verdiklərini bildirib. ToplumTV  e-poçt adresinə sorğu göndərməyi təklif etsə də, qurum heç  bir şəkildə yazılı informasiya verməyəcəklərini deyib.
 
"Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə isə imza kampaniyaları barədə məlumatı olmadığını deyib.

"Heyvansevərlər hansısa bir real qüvvə ardınca getməlidirlər. Səpələnmiş şəkildə getməməlidirlər. Bu səbəbdəndir ki, son dönəmdə baş verən istənilən düzgün addımlar da nəticə vermir", - deyə o bildirib.

İctimaiyyətə və bütün sosial şəbəkələrə, həmçinin dövlət səviyyəsində olan təşkilatların rəsmi qaydada yeni bir Respublika üzrə Marafon layihəsi barədə artıq məlumat verilib. Bu ictimai bir ekoloji nəzarətdir. 

"Yaşıl Patrul" Ekoloji-İctimai Nəzarət Marafonu dövlət yanında QHT-lərə dəstək şurasının dəstəyi ilə həyata keçirilir. Burada real addımlar, qanunlar gözlənilir. Layihə çərçivəsində yeni qanunvericilik təşəbbüsü ilə çıxış da edilir”.

Mənsurə Rəzulzadə insanların heyvanlara qarşı münasibətinin qəddar olmasının səbəbini isə sevgisizlikdən qaynaqlandığını əlavə edib: "İnsanların heyvanlara qarşı münasibətinin qəddar olmasının səbəbi isə sevgisizlikdən qaynaqlanır. Bu uşaqlıqdan onların tərbiyəsindən qaçınılıb. Onlar anlamırlar. İnsan anlamadığı nəyisə sevə bilməz. Heyvanları anlamırlar, bunun üçün ailələr şərait yaratmırlar. Valideynlər uşaqlara heyvanlara münasibətdə dügün yanaşma öyrətmir. Məktəbdə də bu təbliğ edilməyib. Çünki heyvansevməyən pedaqoqlar çoxdur. Heyvanlara qarşı sevgi insanlarda nə məktəblərdə, nə ailə aşılanır. Əksinə, fobiya formalaşdırılır. Bu da ondan  irəli gəlir ki,  "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasını qəbul etmiş bir dövlətdə bu konvensiyanı pozan fəaliyyət növü aktiv olaraq işləyir".

Zərifə Novruz