09:41, 07 Noyabr 2019 (Cümə axşamı) 82

Azərbaycanda internet azadlığı - Ekspert şərhi

Azərbaycanda internet azadlığı - Ekspert şərhi
Azərbaycan "İnternet azadlığı” hesabatında geriləyib.

"Freedom House” təşkilatının hesabatında qeyd olunur ki, Azərbaycan 2018-ci ilə nisbətən geriləyərək "qismən azad olmayan” vəziyyətdən "azad olmayan”ların sırasına düşüb.

"Freedom House” azadlığın qiymətləndirilməsi üçün 0-100 ballıq şkaladan istifadə edib.

Bu kriteriya ilə 0-30 arasında qiymət alan ölkələr azad ölkələr, 31-60 arasında qiymət alan ölkələr qısmən azad və 61-100 arasında qiymət alan ölkələr isə azad olmayan kateqoriyasına aid edilib.

Bu şkalada Azərbaycanın balı 39-dur. Azərbaycanın qonşuları Ermənistan (76) və Gürcüstan (75) azad ölkələr kateqoriyasındadır. Bu iki ölkə ötən il də bu kateqoriyada idi.
"İnternet Azadlığı 2018” hesabatında 65 ölkədəki vəziyyət araşdırılıb. Bu, bütün dünya boyunca ineternet istifadəçilərinin 87 faizinin vətənidir.
 
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Toplum TV-yə deyib  ki, bu geriləmə 2017-ci ildə Azərbaycanda internetlə bağlı qanunvericiliyə gətirilən dəyişiklikdən  sonra baş verib: "2017-ci ildə məhkəmə qərarı ilə və ya məhkəmə qərarı olmadan internet resurslarının bloklanması baş verdi. Təəssüf ki,  ölkədə son 2 ildə saytlar öncə məhkəmə qərarlarıyla bloklanırdısa, indi "dəniz quldurları” kimi  gizlincə addım atırlar, yəni məhkəmə qərarı olmadan yayımlar qadağan olunur və saytlar bloklanır. Bu proses hələ də davam edir.  Buna əlavə problemlər də  daxil olur.  Məsələn, son 19  oktyabr mitinqində və ondan öncəki  8 oktyabr piketində  gördük ki, şəhərin mərkəzində ümumiyyətlə internete çıxış məhdudlaşdırıldı. Daha öncə sadəcə resursların hansısa biri bloklanırdısa,  indi həm də bütün ölkə və ya  şəhər üzrə  internetə çıxış  məhdudlaşdı. Özü də həm mobil internetə, həm də sabit internetə”.

Ekspert deyir ki, bu bloklanmalar, internetə çıxışın məhdudlaşdırılmasının səbəbi  informasiyanın yayılmasının  önlənməsini və  ümumiyyətlə, insanların sürətli  kommunikativ ilişkilər qurmasını əngəlləməkdir: "Əsas səbəblərdən biri azad düşüncənin  və alternativ düşüncənin  yayılmasının  önlənməsidir. Hökumət düşünür ki,  sosial media internet  üzərindən  çox sürətlə yayılır və  ona qarşı  hətta özünün trol  ordusunu da istifadə edir, amma  müvəffəq ola bilmir. Ona görə də artıq bu metodlar keçib.  Bu bloklanmalar, internet kəsintiləri, əlbəttə ki, paralelində çox sayda problem yaradır: biznes mühitinə, insanların xəbərləşməsinə problem yaradır. Tərəflər arasında  formalaşmış müqavilə  öhdəliklərinin icrasına problem yaradır. Bir sözlə, cəmiyyəti  kütləvi şəkildə  zərərə uğradır”.

Ələsgər Məmmədlinin sözlərinə görə, dövlətin, hökumətin  bir nömrəli  vəzifəsi ifadə azadlığını təminetmə baxımından  internetə, sosial mediaya qarışmamaqdır: "Diqqət etsək, dünyada  bəzi hüquqlar var,  dövlət orda nəsə etməlidir  ki,  o hüquq gerçəkləşsin. Məsələn, sosial təminat hüququ belədir. Amma ifadə azadlığı o hüquqdur ki, ona qarışmamalısan. Qarışdığın müddətdə  problem olur.  Yəni ona mühit  yaradıb, kənarda durmalısan”.

Elmar Əziz