19:34, 23 İyul 2019 (Çərşənbə axşamı) 175

Azərbaycanda pambıq kimlərin monopoliyasındadır?

Azərbaycanda pambıq kimlərin monopoliyasındadır?
"Azərbaycanın pambıq sənayesi monopolistlərin əlindədir”.

Bu başlıq feysbukda "Azərbaycan pambıqçılığı” səhifəsində yerləşdirilən araşdırmadandır. 

Araşdırmaya görə, pambıq sənayesi faktiki olaraq çoxlu qəbul məntəqələri və pambıq zavodları olan 3 böyük biznes qurumunun əlində cəmlənib: "Azərbaycanda bütün pambıq qəbulu məntəqələri və istehsalı zavodları birbaşa iri məmurların himayəsi altında olan holdinqlərə məxsusdur. Bu sahədə məmurlara bağlılığı olmayan müstəqil biznes qurumu yoxdur”. 

Paylaşımda pambıq sənayesinə başçılıq edən 3 şirkətin adı və onların fəaliyyəti haqqında məlumatlar öz əksini tapıb.

İlk olaraq "MKT İstehsalat Kommersiya” MMC-nin adı çəkilib.

İddiaya görə, bu şirkət Azərbaycanın ən böyük pambıq tədarükü və istehsalı olan şirkətidir. Şirkətin Azərbaycanın 20 rayonunda 13 pambıq qəbulu və emalı zavodu, 11 pambıq qəbulu məntəqəsi, 5 innovasiya təsərrüfatı fəaliyyət göstərir.

İkinci olaraq "CTS AGRO” MMC-nin adı yazılır.

"CTS AGRO” MMC-nin tabeliyində 6 pambıq emalı zavodu, 10-dan çox pambıq tədarükü məntəqəsi var.

Sonda "Azərpambıq ASK” MMC-nin adı Azərbaycanda iri pambıq monopolisti kimi hallanır.

İddiaya görə, şirkət 25 may 2018-ci il tarixində "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən təsis olunub. Pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların satışı ilə məşğul olur. Bunlara pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi daxildir.

"Bu üç böyük şirkət qabaqcadan fermerlərlə və ailə-kəndli təsərrüfatları ilə bağladıqları müqavilələr əsasında pambıq əkini ilə də məşğul olurlar”,- deyə araşdırmada bildirilib. 

"MKT İstehsalat Kommersiya” MMC hər il 80 min hektara yaxın, "CTS AGRO” MMC 20 min hekatara yaxın sahədə pambıq əkdiyi, "Azərpambıq ASK” MMC-nin isə 2019-cu ildə Bərdə, Ağcabədi, Beyləqan kimi 15 pambıqçılıq rayonunda 29001 hektarda pambıq əkdiyi bildirilib.

Araşdırmada yazılır ki, adıçəkilən şirkətlər yerlərdə olan kiçik pambıq istehsalı zavodlarını alıb pambıq sənayesini öz əllərində cəmləşdirməyə çalışırlar: "Məsələn, 2019-cu ilin martında "MKT İstehsalat Kommersiya” MMC "Leqno-İmişli" MMC, "Leqno-Neftçala" MMC kimi pambıq zavodları və "İnnovasiya Fermer Təsərrüfatı" MMC-ni pambıq yetişdirmə şirkətini alıb”.

3 əsas şirkətdən əlavə "Aqro-Az MMC”, "P-Agro” MMC və də pambıq tədarükü ilə məşğul olduğu iddia edilir: "Bunlara Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinin təsis etdiyi  Yevlax kənd təsrrüfatı” MMC və "Salyan kənd təsrrüfatı” MMC kimi şirkətlər də daxildir”.

Uğur Fərzəli