11:00, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 206

Azərbaycanda velosiped sürmək üçün yol və şərait varmı?

Azərbaycanda velosiped sürmək üçün yol və şərait varmı?
Ətraf mühitin qorunmasında, yol tıxaclarımın azaldılmasında, insan həyatının sağlamlığı üçün mühüm rol oynayan nəqliyyat vasitələrindən biri də velosipedlərdir.

Son günlərdə yayılan məlumata görə İtaliyanın Bolonqa şəhərində piyada və velosipedlə gəzənlərə pulsuz dondurma, sinema biletləri, pivə verilir. 

Şəhər rəhbərliyi mobil tətbiq hazırlayıb. Belə ki, istifadəçilər gəzdikləri yerləri işarələyərək bal toplayırlar və bu ballar ilə istifadəçilər hədiyyələri qazanırlar.

Statistikaya görə 2017-ci ildən bəri insanlar 2.7 mln km gəzib və 16000-dən çox hədiyyə qazanıblar.

Benzin yerinə kalori yandıran velosipedlərin istifadəsi Azərbaycanda niyə inkişaf etmir?

Ümumiyyətlə, Azərbaycanda velosiped sürmək üçün yol və şərait varmı?

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Toplum.Tv-yə bildirib ki, Azərbaycanda ümumiyyətlə, velo yollarla bağlı şəbəkələşmə yoxdur. 
 

O qeyd edib ki, ölkədə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə maraq azdır: "Azərbaycanda velosiped yolları demək olar ki, yox vəziyyətindədir. Azərbaycanda həm velosiped zolaqları, həm də velosiped yolları çox azdır. İstisnalar var ki, Sumqayıtda, Gəncədə, Bakıda, Novxanı kimi ərazilərdəki kiçik məsafələrdə velosiped zolaqları var. Amma bu şəbəkə şəklində deyil. Əslində, velosiped zolaqları şəbəkə şəklində olmalıdır. Məsələn, şəxs şəhərin bir nöqtəsindən digər nöqtəsinədək velosipedlə zolaqlar vasitəsilə gedib çıxa bilməlidir. Azərbaycanda isə bu şəbəkə yoxdur. Bunun isə sadə bir səbəbi var. Hansı ki ölkədə hələ də velosiped nəqliyyat vasitəsi kimi populyarlaşmayıb. Velosipeddən istifadə edən vətəndaşlar ya idman aləti kimi, ya da uşaq oyuncağı kimi istifadə edirlər. Nadir halda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edən insanlara rast gəlinir. Yəni bu sahəyə maraq çox azdır. Vəziyyəti yaxşılaşdırmaq, şəbəkəni yaratmaq üçün çoxtərəfli işlər görülməlidir. İlk növbədə velosipedin nəqliyyat vasitəsi kimi istifadə edilməsi üçün tədbirlər görülməlidir. Paralel də olaraq hansı sahələrə uyğundursa velosiped yolları və zolaqları salınmalıdır. Hansı ki velosipeddən istifadə edən insanlar rahatlıqla bu şəbəkədən istifadə edə bilsinlər".

Ekoloq Telman Zeynalov Toplum Tv-yə bildirib ki, əgər Azərbaycanda bəzi inkişaf etmiş ölkələlərdəki layihələrin hamısı keçirilsə, Azərbaycan müflis olar: "Son 27 il ərzində nə qədər yollar tikilibsə, onların hamısı sökülməli və yenidən təzə yollar salınmalıdır. Bu da trilyonlara başa gəlir. Azərbaycanın isə o qədər büdcəsi yoxdur. Düzdür, hakimiyyətdə oturanlar düşünməlidir ki, onlar iqlim dəyişikliyini nəzərə alaraq insanları velosiped sürməyə cəlb etməliydilər. Çünki bu həm sağlamlıq üçün faydalıdır, həm də atmosferi çirkləndirmir. Buna görə də velosiped nəqliyyatından geniş istifadə üçün vaxtında yollar salmalı idilər”.
 

O deyib ki, sovet dövründə avtomobillər bu qədər çox deyildi deyə insanlar velosipeddən rahat istifadə edirdilər: "Hazırda avtomobillərin sayı həddən artıq çoxalıb. Heç avtomobillərin hərəkəti üçün yer yoxdur. Hətta sürücülər avtomobilləri saxlamaq üçün insanlar üçün nəzərdə tutulmuş piyada keçidlərindən istifadə edirlər.  Gördüyünüz kimi, hər yerdə tez-tez tıxaclar yaranır. Hətta binaları bir-birinin içində tikirlər".

Onun sözlərinə görə, avtomobillər üçün yeni yollar salınarkən velosipedlər üçün də ayrıca yer saxlanılmalıdır: "Yollar üçün məsafə genişləndirilməlidir. Velosipedlər üçün ayrıca, magistral yollardan 2 metr aralıqda yollar salınmalıdır".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə Azərbaycanda velosipedin nəqliyyat kimi istifadəsi yanacaq istehlakına təsiri sıfıra bərabərdir:
 
 
"Məsələn, Babək prospekti kimi şəhərdə iki magistralda nəqliyyatı qismən svetoforsuz rejimə keçirtmək mümkün olarsa, yol infrastrukturu yaxşılaşdırılarsa bu, təqribən 50 min velosipedin verə biləcəyi gündəlik qənaətdir. Bu baxımdan ən mükəmməl addım yol infrastrukturunun yaxşılaşdırılması yönümündə atılan addımlardır".

Hazırda Fransada təhsil alan, həmçinin İtaliyada 1 il yaşamış azərbaycanlı gənc Renad Yüzbay hər 3 ölkəyə məxsus şəhərlər arasında müqayisələndirmə edib: "Əslində, necə müqayisə edəcəyim barəsində çətinlik çəkdim. Çünki hər üç şəhər arasında kəskin fərqlər var. Birinci şəhərdə yetərli sayda velosiped sürən yoxdur, ikinci şəhərdə velosiped  yolları azdır, üçüncü şəhərdə isə həm yollar, həmçinin də velosiped sürənlər var. Birinci şəhər doğma Bakımız, ikinci şəhər bəlkə də dünyanın bizə qoruyub saxladığı şəhər Roma, üçüncü şəhər isə gənc amma böyük gələcəyi olacaq Fransanın Montpellier şəhəridir. Düşünürəm, sonuncudan başlasam daha yaxşı olar. Şəhər Marsel yaxınlığında, dəniz sahilində yerləşən sakit, səliqəli və gənc şəhərdir. Transport sisteminin çox əla olduğunu deyə bilərəm. Bir aya yaxındır ki, burada olmağıma baxmayaraq hələ ki, şəhərdə bircə dəfə də olsun gecikmə halına rast gəlməmişəm. Nə avtobuslarda, nə tramvaylarda. Qüsursuz qrafiklə çalışırlar. Bu qədər gözəl ictimai nəqliyyatın olması ilə yanaşı, şəhərdə velosiped sürənlərin sayı bütün Azərbaycanda gündəlik velosiped istifadə edənlərlə müqayisə ediləcək səviyyədədir. Hər küçə velosiped istifadəsi üçün əlverişlidir. Əsas yollar isə velo yollarla təmin olunub. Hətta piyada və maşın üçün işıqforlarla yanaşı xüsusi olaraq, velosipedlər üçün də işıqforlar quraşdırılıb. İnsanlar isə yağış, dolu, qızmar gün olmasından asılı olmayaraq sağlam nəqliyyat vasitəsindən istifadə edirlər. Uzaq yerlərə gedən zaman isə velosipedinizi özünüzlə tramvaya apara bilərsiniz. Hətta şəhər nəqliyyat xidmətinin xüsusi velosiped xidməti də var ki, siz aylıq ödəniş etməklə şəhərin istənilən yerindən xüsusi velosipedlərdən götürüb sürə bilərsiniz. Doğrudan da, "Fransız xalqı kef edir".
 

"Roma, velosiped sürən zaman hər anından həzz ala biləcəyiniz bir şəhərdir. Şəhər o qədər gözəldir ki, velosiped sürərkən hər detal diqqətinizi belə yayındıra bilər. Şəhərdə nəqliyyat sistemini orta səviyyədə adlandırmaq olar. Bəli, italiyanlar nəqliyyat sisteminə də başdansovdu yanaşıblar, amma bu o demək deyil ki, hər şey bərbaddır. Məsələn, siz 24 saat ərzində avtobuslardan istifadə edə bilərsiniz. Həmçinin tam avtomatlaşdırılmış metro xəttindən istifadə edə bilərsiniz, hansıki maşinist yoxdur və kifayət qədər dəqiq işləyir. Bununla bərabər adi bildiyimiz metro xətləri və tramvaylar da sərnişin daşımada aktiv istifadədir. Uzaq məsafələrə velosipedinizi özünüzlə metroda, tramvayda, həmçinin bəzi avtobuslarda götürə bilərsiniz. Avtomatlaşdırılmış metro xəttində xüsusi velosiped yerləri belə var. 1 ilin 9 ayını Romada velosiped sürmüş biri olaraq şəhərin velosiped sürülməsi üçün kifayət qədər əlverişli olduğunu qeyd edə bilərəm. Tək mənfi cəhət isə velo yolların kasad olmasıdır. İnsanların çox sıx cəmləşdiyi yerlərdə ümumiyyətlə, velosiped yolları yoxdur. Hansı ki olsa belə, insan əlindən sürə bilməzsiniz. Romada velosiped istifadəçisi olmağı düşünsəniz aşılması çətin təpələrin olmasını diqqətinizdə saxlayın",  - ekspert bildirib. 

Renad Yüzbay deyib ki, Bakı onun son gəlişində onu müsbət mənada  təəccübləndirə bilib. Onun sözlərinə görə velosiped sürənlərin sayı çoxalıb: "Bəlkə də dəyişikliyi hiss etməmisiniz, amma 1 il müddətində şəhərdə velosiped sürənlərin sayını müqayisə etdiyim zaman heyrətlənməmək əldə deyil. Şərait isə çox pisdir. Nə velosiped yolları var, nə də ki, ümumi sürücülük mədəniyyəti. Amma dediyim kimi dəyişikliyin olduğunu bilmək sevindiricidir".

O həmçinin Bakıda velosiped mədəniyyətinin necə inkişaf etdirilməsi ilə bağlı təkliflər verib: "İlk növbədə lazımlı infrastruktur qurulmalıdır. Şəhər sıxlıqdır, alınmaz deyib keçməklə olmur. Mütləq şərait olmalıdır. Velosiped mədəniyyətinin olması ictimai nəqliyyatda sıxlığı azaldacaq.  İstifadə olunan maşınların sayının azalacağını düşünsək, yollarımızda yaranan tıxacın sayı və ən əsası havaya atılan zərərli qazların sayı azalacaq. Bu, Bakının atmosferinə böyük mənada müsbət təsiri olacaq. Bununla yanaşı insanlar da daha sağlam olacaqlar. Əgər düşünsəniz ki, şərait qurulan deyil və s. Cavabım birmənalı olaraq "bu bizim əlimizdədir” kimi olardı. Ya şərait yaradılandan sonra inkişaf etməlidir, ya da şəraitin yaradılması üçün sövq edilməlidir. Şəhərdə velosiped sayı çoxalsa o yolları da düzəldəcəklər, digər imkanlar da yaradılacaq. Ümid edirəm, ən qısa zamanda bizdə də velosipedə təkcə idman növü kimi deyil, nəqliyyat vasitəsi kimi də baxacaqlar".

Samirə Əliyeva
Toplum Tv