12:15, 09 Oktyabr 2019 (Çərşənbə) 515

Azərbaycandan Litvaya 22 ton fındıq ləpəsi ixrac ediləcək

Azərbaycandan Litvaya 22 ton fındıq ləpəsi ixrac ediləcək
Azərbaycanın fındıq istehsalı ilə məşğul olan "Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.

Bu barədə "APA-Economics” məlumat verib. 

Məlumata görə,  Almaniyanın Köln şəhərində təşkil edilmiş "Anuga 2019” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə 18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirib, ixraca dair müzakirələr aparılıb.

Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan "Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, "Ləzzət Biskvit və Şokolad Fabriki” şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.

"Anuga 2019” beynəlxalq ərzaq sərgisi oktyabrın 9-dək davam edəcək.