19:46, 10 Yanvar 2021 (Bazar) 151

Azərbaycanla Ermənistan təhlükəsizlik xidmətinin rəhbərləri niyə görüşüblər?

Azərbaycanla Ermənistan təhlükəsizlik xidmətinin rəhbərləri niyə görüşüblər?
İlham İsmayıl
FOTO: sosial media 
 
"Görüşün səbəbi iki ölkənin təhlükəsizlik məsələləridir, ya da başqa bir dövlətin danışıqlara daxil olmaması..."

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri arasında keçirilən görüşü şərh edərkən "Toplum TV”-yə belə deyir.

Azərbaycan və Ermənistanın təhlükəsizlik xidməti rəhbərlərinin arasında "neytral" sərhəd zonasında işgüzar görüş keçirildiyi haqda məlumat yayılıb. Bu barədə Ermənistan Təhlükəsizlik Xidməti yanvarın 9-da xəbər verib, ancaq görüşün dəqiq vaxtı göstərillməyib.

Məlumata əsasən, Əli Nağıyev və Armen Abazyan əsirlərin mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər. Bu mövzuda təmasların davam etdiriləcəyi bildirilib.

Bundan əvvəl Əli Nağıyev və Armen Abazyan arasında görüş ötən ilin sonunda Moskvada keçirilib.
İ.İsmayıl bu görüşlərin səbəbkarının Rusiya Federal təhlükəsizlik xidmətinin rəhbəri Aleksandr Bortnikov olduğunu deyir. O, FTX rəhbərinin əvvəlcə Yerevanda, sonra Bakıda, daha sonra hər iki xidmət rəhbərinin Moskvada baş tutan görüşündə danışılan məsələlərin yetərincə açıqlanmadığını bildirir. Ekspert yalnız hərbi əsirlərin dəyişdirilməsi, meyitlərin təhvil verilməsi məsələlərinin önə çəkildiyini söyləyir.

İ.İsmayıl bu görüşlərdə başqa mövzuların da müzakirə edildiyini ehtimal edir: "Əsirlərin dəyişdirilməsi və meyitlərin təhvil verilməsi ilə bağlı işləri Qırmızı Xaç Komitəsi də edə bilər. Ona görə mən düşünürəm ki, görüşdə müzakirə olunan məsələlər təkcə Azərbaycan tərəfdən yox, həm Ermənistan, həm də Rusiya tərəfdən kifayət qədər məxfi saxlanıldı... Görünür ki, burda bir ümumi xətt də var, o ümumi xətt də Rusiyadan gəlir".

İ.İsmayılın daha bir ehtimalı var, xüsusi xidmət orqanları yaxın gələcəkdə iki millətin birgəyaşayış məsələlərini, düşmənçiliyin aradan qaldırılmasını və bu kimi məsələlər haqqında fikir mübadiləsi edə bilərdilər.
 
Elməddin Şamilzadə