13:39, 14 Avqust 2019 (Çərşənbə) 64

"Azərbaycanlılar məscidi özlərinki hesab ediblər və ziyarət ediblər"

"Jamnews" İnternet resursun məlumatına görə, Şuşada Gövhər ağa məscidində bərpa işləri aparılır. 

Nəşrin müxbiri məsciddə olub və "tikinti meydançasında bir neçə işçini görüb". "Məscidin qarşısında iki oğlan uşağı velosiped sürürmüş, yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində iki nənənin pəncərədən pəncərəyə bir-biri ilə danışığı eşidilirdi".

"Elə təəssürat yaranırdı ki, elə bil yaşayış binası tikirlər. Lakin tikinti qurğularının arxasından minarələr ucalırdı və bu mənzərə tamamilə yeni idi, müharibədən sonrakı Qarabağ üçün bənzərsiz bir şey demək olar", - jurnalist Albert Voskanyan gördüklərini təsvir edib.

Gövhər ağa məscidində çoxdandır ki, dindarlar yoxdur və məsələ onda deyil, 25 ildən çoxdur ki, o, yarıdağılmış vəziyyətdədir. Bərpa işləri başa çatdıqdan sonra da ora ibadətə gedən olmayacaq. Bəs niyə məscidin bərpasına investisiya qoymaq qərarına gəliblər? Əlavə yaşayış binaları deyil, alış-veriş mərkəzi və ya kinoteatr da deyil?, - məqalə müəllifi sual edir.

O, Dağlıq Qarabağ Mədəniyyət və İdman Nazirliyinin mədəniyyət abidələri şöbəsinin müdiri Arman Qriqoryanın açıqlamasını verir: "Bizim üçün bu, dini və mədəni mənsubiyyətindən asılı olmayaraq tarixi- mədəni irsin qorunması məsələsidir".

"Niyə ermənilər Ağdamda dağıtdıqları məscidi deyil, Şuşadakı məscidi bərpa etmək qərarına gəliblər? Çünki onlar bəlkə də Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarmağa razılıq versə də, strateji hərbi platsdarm kimi Şuşa şəhərini geri qaytarmağı düşünmürlər", - politoloq Elxan Sahinoğlu Turan-a bildirib.

Son illərdə ermənilər Şuşa, Kəlbəcər və Laçında infrastrukturu bərpa etməyə çalışırlar və bu ərazilərin geri qaytarılmayacağı ümidilə ərəb ölkələrindən erməni repatriantları bu ərazilərə gətirirlər.

Bərpa işinə iranlıların cəlb edilməsi Yerevandakı məqsədi daşıyır. Orada da məscidi İran mütəxəssisləri bərpa ediblər. Ermənilər Yerevanda olduğu kimi, Dağlıq Qarabağa da Şuşa məscidində ibadət edəcək iranlı turistləri gətirmək istəyirlər. Lakin Tehran başa düşür ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağdakı iranlı turistlər Azərbaycan tərəfdən diplomatik notanın verilməsinə səbəb olacaq.

İqtisadi cəhətdən Rusiya və Azərbaycan İran üçün daha cəlbedicidir, nəinki Ermənistan və Dağlıq Qarabağ. Buna görə də Tehran özü öz vətəndaşlarının Dağlıq Qarabağa səfərinin qarşını almalıdır", - E.Şahinoğlu hesab edir.

O, Şuşa məscidinin ermənilər tərəfindən bərpa olunması ilə bağlı Azərbaycan XİN-in kəskin reaksiyasını xatırladıb. Baş verənlər onu göstərir ki, ermənilər Şuşanı nə zamansa Azərbaycana qaytarmaq niyyətində olmadıqlarını dünyaya bildirirlər. Bizim ölkəmiz təcavüzkara təzyiq göstərmək üçün başqa, daha təsirli vasitələr tapmalıdır", - E.Şahinoğlu deyib.

Qeyd edək ki, "Jamnews"a görə, Şuşadakı bərpa işlərinə ermənilərin Şərqi Tarixi İrsin Dirçəldilməsi Fondu cavabdehdir. Lakin işlər İKOMOS-Ermənistan və İKOMOS-İran təşkilatlarının dəstəyi ilə iranlı mütəxəssislər ilə sıx əməkdaşlıq şəraitində aparılır.

Öncə Ermənistan İnkişaf Təşəbbüsləri Fondu (IDeA Foundation), qondarma "Dağlıq Qarabağ Respublikası hökuməti" və Şərqi Tarixi İrsin Dirçəldilməsi Fondu məscidin bərpası üçün birgə proqrama başlayıblar. Ərazi təmizlənib və hasarlanıb. 2017-ci ildə İran mütəxəssisləri bərpa layihəsini tamamlayıblar. 2018-ci ilin yanvarında isə Qazaxıstanın iş adamı Kayrat Boranbayevin əsas donor olduğu elan edilib", - "Forbes Kazakhstan" xəbər verib. Nəşrin məlumatına əsasən, 2019-cu ilin may ayına olan vəziyyətə görə, Boranbayev Qazaxıstanın ən varlı 50 iş adamının siyahısında 13-cü sıradadır və digərləri ilə yanaşı Qazaxıstan, Belarus və Rusiyada McDonald"s şəbəkəsinə sahibdir. Nursultan Nazarbayev ilə yaxın qohumluq əlaqələri var: Boranbayevin qızı Alina keçmiş prezidentin nəvəsi Aysultan Nazarbayev ilə evlidir. Bərpanın maliyyələşdirilməsi birbaşa deyil, Ermənistan İnkişaf Təşəbbüsləri Fondu (İDeA) vasitəsilə həyata keçirilir.

Baş verənləri Turan-a şərh edən politoloq İlqar Vəlizadə tarixi aspektə toxunub. "Erməni tarixşünaslığı 1818-1828-ci illərə qədərki dövrü Şərqi Ermənistanın İran təəbəçiliyində olduğu dövr kimi təqdim edir və erməni dərsliklərində və rəsmi tarixində Azərbaycan xanlarının adı çəkilmir. Tehranda İranın şimalındakı Azərbaycan xanlıqlarını da İran imperiyasının zəiflədiyi dövrdə meydana gələn İran feodal knyazlıqları hesab edirdilər. İran və Ermənistana görə, Şuşa, Qarabağ və İrəvan xanlıqları İrana aiddir. Tehrana göstərmək lazımdır ki, o, Ermənistan və Dağlıq Qarabağ ərazilərində özünün mədəni, tarixi və maddi irsinə sahibdir. Ermənistan üçün bütün məqalələrdə vurğulamaq lazımdır ki, bu ərazilərdə Azərbaycana aid heç nə yoxdur. Yerevan bu bölgədə konkret layihələrdən ötrü Dağlıq Qarabağda İran üçün bir yer alacağına ümid edir. Bu layihələrə nümunə İran və Şuşadakı məscidlərin bərpası ola bilər. Ermənilərin, farsların və Rusiyanın maraqlarının üst-üstə düşməsi tarixin saxtalaşdırılmasına yönəlmiş şübhəli bərpa işlərinə gətirib çıxarır. Bəzi tarixçilərin Rusiyada Ermitajda ​​saxlanılan Azərbaycanın bölgənin tarixinə verdiyi töhfəyə dair sənədlərə və faktlara məhəl qoymadığı kimi, məsciddə çalışanlar da regionun və məscidin tarixində azərbaycanlıların izlərini silməyə çalışırlar, Qarabağın Rusiya imperiyasına daxil olması haqda Rusiya ilə Qarabağ xanlığı arasında 1805-ci il tarixli müqavilə Ermitajda saxlanılır. Sirr deyil ki, Rusiyanın bəzi tarixi materiallarında region tarixinin İran-Ermənistan versiyasını dəstəkləməyi üstün tuturlar, sanki Rusiya imperiyasına daxil olmaq haqda sənədləri Azərbaycan xanlarının imzaladıqlarını unudurlar. Sonradan həmin sənədlərin əsasında İran və Rusiya arasında Gülüstan və Türkmənçay sülh müqavilələri imzalanıb. Hazırda Şuşada baş verənlərin digər ölkələrin də cəlb edilməsi ilə bölgədən kənarda dəstəklənən ciddi bir siyasi çaları var", - İ.Vəlizadə vurğulayıb.

Gövhər ağa məscidinin Şuşada ikinci, populyar bir adı da var- "Yuxarı", çünki şəhərin yuxarı hissəsində yerləşir, "Jamnews" yazır.

Şuşa sakini, yerli Tarix Muzeyinin müdiri Aşot Arutyunyan Şuşada 12 mədrəsənin olduğunu bildirib. Hazırda onların hamısı yarıdağılmış vəziyyətdədir.

Şuşadakı "Yuxarı məscid" Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəvəsi Gövhər bəyim ağanın sifarişi ilə 1883-cü ildə yenidən inşa edilib.

Məscidi Qarabağ memarı Kərbəlayi Səfixan bərpa edib. Gövhər ağa Qarabağ məscidlərinin ənənəsinə uyğun olaraq planlaşdırılıb - daş sütunlar ikimərtəbəli qalereyalar yaradır ki, bunlar da yarıdairəvi günbəzi örtür.

Məscidin əsas fasadında Qurandan ərəb dilində surələr qorunub saxlanılır və hazırda bərpa olunur.

Sovet dövründə məscid Tarix Muzeyinə çevrilib, iki dəfə bərpa edilib və yaxşı vəziyyətdə olub.

"Deməli, bir il sonra orada molla ibadət edəcək və müsəlmanları ibadətə və 1988-1990-cı illərdə olduğu kimi, erməni əhalinin məhv edilməsinə çağıracaq".

"Bunlar hakimiyyətin bir-biri ilə adi oyunudur, başqa bir şey deyil - burada siyasətdən başqa bir şey yoxdur. Qalan hər şey yalnız sözlərdir. Onu bu ölkəni işğal edənlər inşa ediblər, onların buraxdığı izlər niyə sizi bu qədər narahat edir? Bizim öz məbədlərimiz yarıdağılmış vəziyyətdədir".

"Minlərlə ailənin mənzili yoxdur, amma burada məscidin bərpasına pul xərcləmək qərarına gəliblər, utancvericidir".

"Səbəblər ağır olsa da, mədəniyyət insanların münaqişəsindən və nifrətdən əziyyət çəkməməlidir. İndi bu məscid Arsaxın sərvətidir və bərpa edilməməsi haqda danışıqlar öz ölkəsinin mədəni irsinə hörmətsizlikdir".

"Çox düzgün olaraq onu bərpa edirlər. Xristianlığın əsl təzahürüdür! Hörmət etmək və dağıtmamaq! Bu, atması mümkün olmayan tarixdir, onlar orada yaşayıblar və məscid əslində bu şəhərin tarixinin bəzəyidir".

"Azərbaycanlılar məscidi özlərinki hesab ediblər və ziyarət ediblər. İndi onlar Şuşadə yaşamırlar, amma bu, məbədi tövləyə çevirmək, onu sökmək üçün bəhanə deyil".

"Harada olursa- olsun mədəniyyət abidələrinin məhv edilməsinin əleyhinəyəm. İranda bizim məbədlərimiz bərpa edilir və mühafizə olunur. Başqalarının dininə çox diqqətlə yanaşırlar, niyə biz də belə etməyək? Problem nədir? Daha bir görkəmli yer əlavə olunacaq", - Dağlıq Qarabağda yaşayan ermənilər "Jamnews"da yazının müəllifinin suallarını cavablandırıblar.

"Jamnews"da yazını müşayiət edən videoda bildirilir ki, məscidin bərpasının 2019-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır.