19:37, 17 Dekabr 2018 (Bazar ertəsi) 629

"Azərenerji"yə 30 milyon manat ayrıldı

Azərbaycanda elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Prezident İlham Əliyev bu gün, dekabrın 17-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda Azərbaycanın elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan "Şimal”, "Cənub”, "Sumqayıt” və "Mingəçevir” elektrik stansiyalarının real generasiya güclərinin artırılması nəzərdə tutulur.

Sənədə əsasən, adları çəkilən elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 30 milyon manat ayrılacaq.

Prezident İlham Əliyev bu il bundan öncə, oktyabrın 30-da "Azərenerji” ASC-yə dövlət büdcəsindən 48 milyon manat ayrmışdı

Sərəncamda bu "Azərbaycan” (Mingəçevir şəhərində yerləşir) İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə izah edilirdi.

Daha sonra isə o, noyabrın 30-da Azərbaycandakı bəzi kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalamışdı.

Həmin sərəncam "Bakı”, "Astara” və "Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işləri görülməsi məqsədi ilə "Azərenerji” ASC-yə 12 milyon manatın ayrılmasını nəzərdə tuturdu.