17:23, 27 Noyabr 2019 (Çərşənbə) 81

AzTV: Cümşüd Nuriyevin çıxışı konteksdən çıxarılıb

AzTV: Cümşüd Nuriyevin çıxışı konteksdən çıxarılıb
"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Əsas Məsələ” verilişində ekspertlərdən biri kimi iştirak edən Cümşüd Nuriyevin çıxışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Televiziyanın bununla bağlı yaydığı açıqlamada deyilir:

"Çox təəssüflər olsun ki, yenə də bəzi "həmkarlarımız” və ya özünü ekspert hesab edən bəzi kəslər öz ampluasındadırlar: yalan informasiya yaymaqla ürəkləri bulandırmaq və konkret olaraq AzTV-yə qarşı "qara piar" kampaniyası aparmaq. Öncə ondan başlayaq ki, AzTV və Radio Verilişləri QSC yarandığı ilk gündən bu ana kimi hər addımında milliliyi, vətənpərvərliyi, azərbaycançılığı rəhbər tutub və bu ideoloji xətt heç zaman dəyişməyəcək. İkincisi, qısa zaman ərzində yaradılan vətənpərvərliklə bağlı verilişlərdə şəhidlərimizin, Vətən uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsi hər zaman uca tutulub, sağ qalan döyüşçülərimiz isə müxtəlif verilişlərə, tok-şoulara dəvət olunaraq hər kəsə, xüsusən gənclərə nümunə kimi göstərilib. İstər kişi olsun, istər qadın bu Vətən naminə çalışan, döyüşən, mübarizə aparan hər kəs bizim qürur yerimiz, fəxrimizdir. Amma bəzi "həmkarlarımız” ötən gün "Əsas Məsələ” verilişində ekspertlərdən biri Cümşüd Nuriyevin çıxışını kontekstdən çıxararaq onun Qarabağa könüllü gedən qadınları təhqir etdiyi kimi göstərir.

Əvvəla, Cümşüd müəllim, ingilis, ərəb və ya alman dilində yox, təmiz Azərbaycan dilində danışır. O, öz çıxışında "Qarabağ” sözünü işlədibsə və ya "Qarabağda döyüşən qadınlar” sözünü işlədibsə, biz rəsmi qaydada Cümşüd Nuriyevin əvəzinə hər kəsdən üzr istəməyə hazırıq. Amma işlədibmi? Xeyr. Üzümüzü vətəndaşlarımıza tutub onlara, müraciət edirik. Bəzi qeyri-peşəkar saytların yazılarına inanmaqdansa, verilişə ən azından myvideo-dan bir də baxın. Bu adamın sözünün konteksdən çıxarıldığına özünüz əmin olacaqsınız. Görəsən niyə? O da məlumdur, ümumi rəy yaratmaq naminə. Özü də ekspertin deyil, məhz AzTV-nin ünvanına. Sadəcə, onu deyə bilərik ki, ayıbdır. Öz məqsədlərinə çatmaq və ya kimlərisə ləkələmək üçün imsanların hissiyatı ilə oynamaq, yumşaq desək, tərbiyəsizlikdir. Görəsən, bu cür çirkin məqsədlərə əl atan bəzi sayt rəhbərlərində şərəf, qürur və etika anlayışı varmı? Xeyr. Forma və metodu dəyişin, "əziz həmkarlar”. Zaman dəyişir, tələblər dəyişir, siz də dəyişin".