13:42, 20 May 2019 (Bazar ertəsi) 144

Babək Həsənovun qardaşı: "Fiziki işgəncələr olmasa da.."

Babək Həsənovun qardaşı:
AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov mayın 19-da qardaşı Cavid Həsənovla görüşüb.

"Meydan.Tv" xəbər verir ki, bu barədə Cavid Həsənov məlumat yayıb.

Cavid Həsənov Babək Həsənovun fiziki işgəncəyə məruz qalmasa da, müəssisənin əməliyyat rəisi tərəfindən ləyaqətinin alçaldığını söyləyib: "Babək dedi ki, fiziki işgəncələr olmasa da, insan ləyaqətini alçaldan hərəkətlər etdilər. Birincisi, müəssisəyə gətirələn gün 4 saatlıq "kars”a salınıb. İkincisi, iradəsindən kənar olaraq saçını qırxıblar. Halbuki, Kürdəxanıda dustaqlara verilən normativ səviyyədə saçını qırxdırmışdı, yəni 2-3 satimetr saç saxlamışdı. Amma müəssisədə deyiblər ki, etiraz etsən, başqa cür davranacaqlar. Üçüncü, yoxlamaq adı ilə soyundurublar, hətta alt paltarlarını da çıxartmağı tələb ediblər. Buna da qane olmayıb deyiblər ki, əlini başının arxasına qoyub bir neçə dəfə oturub durmalısan. Etmək istəməyəndə əməliyyat rəisi, Əli adlı kapitan işgəncə tətbiq edəcəyini bildirib. Qardaşım məcbur olub yerinə yetirib. Sonra rəisin otağına gətirilib, rəis qardaşımı yaxşı tanıdığını söyləyib, Babək ona dustağın hüquqlarını xatırladıb məhkəməyə müraciət edəcəyini deyib. Amma yenidən əməliyyat rəisi onu müəssisədəki yarıtikili bir yerə aparıb və bir neçə kərpici götürməyi məcbur edib. Onlara Qarabağ müharibəsi döyüşündə yaralandığını və buna görə onurğasında problem olduğunu söyləsə də, press tətbiq edəcəklərini deyiblər. Xəsarət ala biləcəyini nəzərə alıb qardaşım bu əmri də yerinə yetirib”.

B.Həsənov mayın 15-də 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Müəsissənin rəisi Məmməd Mahmudovun Baş nazirin müavini Abid Şərifovun kürəkəni olduğu bildirilir.

Penitensiar Xidmət B.Həsənovun cərimə təcridxanasında saxlanması, ona işgəncə verilməsi barədə məlumatların tam əsassız olduğunu bəyan edib. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, qanunvericiliyin tələbinə görə, cəzaçəkmə müəssisəsinə daxil olan istənilən məhkum 14 günə qədər cəzaçəkmə müəssisəsində saxlanılır. Karantin müddətində məhkuma müəssisədəki intizam qaydaları, hüquq və vəzifələri izah olunur. Ona görə də B.Həsənovun karantində saxlanmasını onun cəzalandırılması kimi qiymətləndirmək yanlışdır.

B.Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsilə bağlı cinayət işilə əlaqədar həbs olunub.

Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz.

Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.