18:00, 03 Dekabr 2019 (Çərşənbə axşamı) 76

“Bakı 5 ulduzlu otellərin sayına görə liderdir”

“Bakı 5 ulduzlu  otellərin sayına görə liderdir”
"Bakı 5 ulduzlu  otellərin sayına görə liderdir".

İqtisadçı Qubad İbadoğlu "booking.com” otel axtarış saytına istinadən belə məlumat yayıb. 

"5 ulduzlu otellərin sayı Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13-dür. Onlardan 52-də 1 gecənin qiyməti 374 manatdan başlayır”.

İqtisadçı hesab edir ki, 5 ulduzlu otellərin sayının 100-dən çox olması neft fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına  yatırılmasından xəbər verir: "Bu otellər həm də büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır. 2020-ci ilin büdcəsindən bu məqsədlə 221,5 milyon manat ayrılıb. Bakıya gələn qonaqlar da əsasən hakim dairələrə məxsus olan 5 ulduzlu otellərdə yerləşdirilir”. 

Qubad İbadoğlu deyir ki, ölkə paytaxtında 5 ulduzlu otellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir: "Ölkədə 100 minlərlə gənc mənzilsiz yaşadığı halda, bu otellər yalnız beynəlxalq tədbirdən-tədbirə doldurulur. Böyük etimalla Bakıdakı 5 ulduzlu otellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də, rüşvətin müqabilində həmin statusu qazanıb”.

İqtisadçı onu da əlavə edib ki, Bakıda 5 ulduz otellərin sayının 2 və 3 ulduzlu otellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir)  Azərbaycanın turizm cəlbediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur: "Turistlər, adətən, aşağı ulduzlu, ucuz  otelləri olan ölkələrə səyahət edirlər. Araşdırma göstərdi ki, dekabrın ortalarında Bakıdakı  otellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır”.
 
Elmar Əziz