19:00, 01 İyul 2019 (Bazar ertəsi) 192

Bakı çimərlikləri: "Buranın, sadəcə, adı pulsuzdur"

Bakı çimərlikləri:
Dəniz mövsümünün açılması ilə bağlı çimərliklərdə canlanma müşahidə olunur. 

Çimərlik ərazilərində müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərsə də, hələ də ödənişsiz hesab olunan çimərliklər qalmaqdadır. 

Əhali arasında "Sarıqaya” adlandırılan Novxanı çimərliyi də belələrindəndir. 

Bəs bu çimərliklərdəki vəziyyət vətəndaşları qane edirmi? 

ToplumTv çimərlikdə vətəndaşların bu məsələ ilə bağlı fikirlərini öyrənib.

"Təkcə oturmaq üçün 10 manat pul vermişik”

Uşaqlarını dənizə gətirdiyini deyən Nərminə Əsgərova şəraitin yaxşı olmadığından gileylənir: "Buranın, sadəcə, adı pulsuzdur, amma heç nə pulsuz deyil. Təkcə oturmaq üçün 10 manat pul vermişik. Ətraf  natəmizdir”. 

Nərminə Əsgərova hicablı olduğuna işarə edərək paltar dəyişilən yerin uyğunsuz tikildiyini də qeyd edir: "Paltar dəyişmə yerini elə alçaq tikiblər ki, adamın başı da görünür. Yeməyi özümüzlə gətirmişik. Ona da azı 50-60 manat pulumuz çıxıb. Novxanı yaxın yer deyil. Taksi xərci, yemək pulu, oturmağa yer – bunların hamısı pulla başa gəlir. Ona görə də bir dəfə istirahət üçün gərək cibində azı 50 manatın olsun. İndi uşaqlar balacadır deyə ilk dəfədir dənizə gəlirlər. Onları gətirmək üçün belə şəraitə dözməyə məcburuq”.

Uşaqlarını dənizə gətirdiyini deyən başqa bir valideyn Samirə Musayeva isə pullu çimərliklərlə pulsuzlar arasında böyük fərqin olduğunu deyir: "Orda pul vermiş  olsan da, verdiyin pulun qarşılığını xidmət şəklində alırsan. Təmizlik yüksək səviyyədə qorunur. Hər addımbaşı xilasedicilərə rast gəlinir”.

Qeyd edək ki, çimərlik boyu hər hansı xilasedici və ya başqa təhlükəsizlik xidmətinə rast gəlmədik.

Samirə Musayeva əlavə edir ki, pullu çimərliklərdən fərqli olaraq burada xilasedicilərin, sadəcə, adları var, amma özləri gözə dəymirlər: "Suda birinə nəsə olsa, taleyi naməlumdur. Həmçinin əhali təmizliyə də riayət etmir. Özlərinə sərf etməyən xidmətlər başlı başına buraxılıb. Amma söhbət puldan gedəndə adi balaca stullara da nəzarət var. Burdakı mağazalardan adi su belə almaq olmur, normal qiymətindən çox bahadır. Ona görə biz özümüz almışıq. Burada bircə yer üçün 10 manat pul ödəmişik, vəssalam”.

Samirə Musayeva xarici çimərliklərdən misal çəkərək dövlət nəzarətinin önəmini vurğulayır: "Əslində, burada işçilər fəaliyyət göstərirsə və dövlət nəzarəti varsa, gərək ki, ən azı oturmaq üçün stullar da pulsuz olsun. Həmçinin təmizliyə riayət olunsun. Məsələn, xaricdə çimərliklərdə hətta əhalinin rahat gəzə bilməsi üçün dənizə çatmamış sahilboyu yerə taxta döşəmə salınır. Burda isə həmin hissə isti və zibilli qumla əhatə olunub. Təbii ki, bu da dövlətin öz əhalisinə nə qədər dəyər verməsindən irəli gəlir”.

Sahildə dostları ilə istirahətə gəldiyini deyən növbəti müsahibimiz İlqar Nəcəfovla həmsöhbət olduq: "Burada pulsuz heç nə yoxdur. Bura 2-3 gün olar dostlarımla birlikdə maşınla gəlirəm. Baxıram ki, az qala aldığın nəfəs üçün də pul alsınlar". 

İlqar Nəcəfov sahildən görünən kottejləri göstərərək sözünə davam edir: "Paltar dəyişmək, duş  almaq - hər şeyə nəzarət var. Biz hətta buna görə  maşında dəyişmişik paltarı. Təmizlik isə bərbaddır. Bizim əhali də yaxşı deyil, baxmırlar, tökdüklərini yığışdırmırlar. Dənizin içində belə qarpız qabığı tapa bilərsiniz. Əgər dövlət nəzarət edirsə, gərək əhalini də nəzərə alsınlar. Baxırsan ki, bəziləri yerdə oturub qumun üstündə. Bəllidir ki, həmin oturmaq üçün lazım olan pulu verə bilmirlər. Onda imkanı az olan istirahət etməsin?”

Şəraitdən şikayət edən əhali ilə yanaşı, istirahətin dadını çıxaran insanlarla da qarşılaşdıq. 

Əlişad Hüseynov hər şeyin qaydasında olduğu barədə deyir: "Hər şey əladır. Vallah mən heç oturmaq üçün pul verməmişəm. Yaxşı da istirahət edirik. Ayrı nə sözümüz ola bilər ki?”

Apardığımız müşahidə nəticəsində çimərlikdə ödənişli yerlər haqqında yazılı məlumat olan lövhəyə də rast gəldik. Burada çətiraltı 1 stol və 4 stul 10 manat, əlavə stul 1 manat, şezlonq 5 manat və ayrıca oturmaq üçün köşk də 10 manat təşkil edir. 

Həmçinin çimərlik ərazisində duş, ayaqyolu və paltar dəyişmək üçün kottejlərə yaxınlaşıb qiymətlərlə maraqlandıq. 

Maraqlıdır ki, eyni çimərliyin müxtəlif yerlərində qiymətlər fərqli idi. Məsələn, bir yerdə ayaqyolu 50 qəpikdirsə, digər yerdə bu məbləğ 30 qəpikdir və s. 
 

 

Şəhla Abbas