11:44, 11 Sentyabr 2019 (Çərşənbə) 54

Bakı Metrosu qış qrafikinə keçir

Bakı Metrosu qış qrafikinə keçir
Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. 

Bu barədə "Bakı Metropoliteni" QSC-dən APA İA məlumat verilib.

Məlumatda deyilir ki, qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq. 

Yeni qrafikə keçid sentyabrın 14-dən  etibarən qüvvəyə minir.

Tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. 

Onu da əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Bildirilib ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.