12:06, 15 Avqust 2019 (Cümə axşamı) 107

Bakıda bəzi binalar söküləcək

Bakıda bəzi binalar söküləcək
Paytaxt Bakıda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul edilib. Hələ, 2019-cu ilin əvvəlində Nazirlər Kabineti bununla bağlı qərar verib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

Verilən məlumata görə, paytaxt rayonlarının 6-sının ərazisində kəskin qəzalı 17 bina var, onlar mərhələlərlə sökülməlidir.

"Həmin binaların sakinlərinə kompensasiyalar ödənilməklə köçürülmələr artıq qərara alınıb" - mətbuat xidmətindən deyiblər.

İcra hakimiyyətindən qeyd edilib ki, kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunların 8-ci mikrorayon, Ağasadıq Gəraybəyli küçəsi-41 və Koroğlu Rəhimov küçəsi-53A ünvanındakı köhnə yaşayış binaları olduğu bildirilir. Digər bir bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi-150 ünvanında yerləşir. Paytaxtın Səbail rayonunda "20-ci sahə", A.İsmayılov küçəsi-51 ünvanındakı binanın sökülməsinə də qərar verildiyi açıqlanıb.

Məlumata görə, Sabunçu rayonunda da bir neçə binanın kəskin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Habelə, Suraxanı rayonunda 4 binanın kəskin qəzalı olması barədə rəy verilib.

Bütün bunlardan başqa, Xətai rayonunda General Şıxlinski küçəsi-42 ünvanında yerləşən bir binanın da sökülməsi gözlənir.

Açıqlamaya görə, həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün sayılmayıb.

Hələlik, bu açıqlamaya söküntüsü gözlənən binaların sakinlərindən münasibət almaq mümkün olmayıb.