16:24, 18 Noyabr 2020 (Çərşənbə) 228

Bakıda niyə bütün mənzillərə istilik verilmir?

Bakıda niyə bütün mənzillərə istilik verilmir?
Noyabrın 15-dən hökunmət qış rejiminə keçib, üstəlik havalar da xeyli soyuyub. 

Bununla belə Bakının Binəqədi, Yasamal, Nərimanov, Suraxanı, Nizami, Pirallahı rayonlarında, Bakıxanov, Əhmədli və Biləcəri qəsəbələrində mənzillərə hələ də istilik verilməyib.

Bununla bağlı paytaxt sakinlərindən bəziləri  "Azəristilik”  Açıq Səhmdar Cəmiyyətinin səhifəsinə yazaraq şikayətlərini  bildiriblər. 

ASC istifadəçilərindən bəziləri isə sosial mediada şikayətlərinə, zənglərinə cavab verilmədiyini bildirirlər. 

Onlar həmçinin "Azəristilik”in "qaynar xətt"i ilə əlaqə saxlamağa çalışsalar da, cəhdlərinin boşa çıxdığını deyirlər.

Bakı sakini Elnarə Mustafayevanın sözlərinə görə, onun  şikayətindən sonra evlərinə sahə rəisi gələrək bunları deyib: "Qazanxanada qaz yoxdur, bu səbəbdən də istilik yoxdur. 1 gün, 1 həftə, 1 ay çəkə bilər istiliyin verilməməsi. Nə vaxt qaz olsa onda da istilik olacaq”.

Azəristilik ACS-nin baş ofisindən bu suala ümumi cavab verilib. Qurumdan deyilib ki, artıq bir çox yerlər istiliklə təchiz edilib, amma istiliksiz qalan  mənzillər haqqında  məlumat verə bilməyəcəklərini  söyləyiblər.

Gülarə İsmayılova