17:33, 05 Avqust 2019 (Bazar ertəsi) 75

Bakının bəzi rayonlarında elektrik enerjisi kəsilib - YENİLƏNİB

Bakının bəzi rayonlarında elektrik enerjisi kəsilib - YENİLƏNİB
Avqustun 5-də Bakıda əsən güclü külək nəticəsində bir neçə rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 
 
Sosial şəbəkə istifadəçiləri Nərimanov rayonunun bəzi yerlərində, Müşfiqabad qəsəbəsində və Binəqədi rayonu  ərazisində müxtəlif saatlarda enerjinin olmamasını bildiriblər. 

Nərimanov rayon sakinlərinin sözlərinə görə elektrik kəsintisi saat  9:00 -dan baş verib. Rayonun bəzi yerlərində elektrik enerjisinin məhdudiyyəti  axşam saatlarına qədər davam edib.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Toplum Tv-yə belə bir problemin olmadığını bildirib. O, bu məlumatı ilk dəfə eşitdiyini deyib. Tanrıverdi Mustafayev məsələni araşdırıb  məlumat verəcəyini bildirsə də, sonradan zənglərə cavab verməyib.

 "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev isə "Report”a açıqlamasında deyib ki, hava şəraiti ilə bağlı qurumun mərkəzi aparatı və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır. O, elektrik stansiyalarında və yüksək gərginlikli ötürmə xətlərində heç bir problem olmadığını qeyd edib.
 
*****

Azərişıq" ASC  Turan İA isə güclü küləyin bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaratması ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir ki, güclü külək Bakının bəzi rayonlarında və Xırdalan şəhərində elektrik təchizatında fasilələrə səbəb olub. Külək elektrik xətlərini qoparıb və qısa qapanma yaranıb. Bunun nəticəsində işıq sönüb. 

Mənbənin məlumatına görə, təmir briqadası qəzanın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirləri görür. Gün ərzində elektrik təchizatı bərpa ediləcək.
 

Aytac Ağazadə