18:24, 12 İyul 2019 (Cümə) 652

Bakının “sürprizli” səkiləri - FOTOLAR

Bakının “sürprizli” səkiləri - FOTOLAR
Bakı Nəqliyyat Agentliyi (BNA) səkilərin durumuna xüsusi diqqət ayırdığını deyir. 

Şəhərin bir çox yerlərində səkilərdə xüsusi əlil/uşaq arabası işarəsini görmək olur, lakin bu sahədə problemlər hələ də mövcuddur. 

Belə ki, Toplum.Tv-nin əməkdaşı Bakının ən işlək küçələrindən olan Azadlıq prospektində saxta əlil/uşaq arabası uyğunluğu nişanlarını aşkarlayıb. 

Azadlıq prospektində - "28 May" metro stansiyasının ikinci çıxışının yaxınlığında səkidə xüsusi müyəssərlik işarəsi və ikonik sarı zolaq var. Səkinin sonunda da eyni işarə görünür. 

Buna baxmayaraq, səkinin özündə bir neçə əlavə pillə qoyulub. Bu pillələr isə əlil və uşaq arabası istifadəçiləri üçün problem yaradır, onları təhlükəli şəkildə nəqliyyat yoluna çıxmağa məcbur edir. 

"Panduslardan istifadə etməmişik...”

Şəhər sakinləri də bu problemdən narazılıqlarını ifadə edirlər. Azyaşlı övladı olan Nərmin Heydərgil heç vaxt müyəssərlikdən istifadə etmədiklərini deyir.  

Onun sözlərinə görə, müyəssərliklər problemli, yaxud az olduğuna görə uşaq arabasına üstünlük verə bilmirlər:  "Heç vaxt pandus istifadə etməmişik, qucağımızda qaldırmışıq. Ümumiyyətlə, çox bezib yoruluruq deyə qucağımızda aparırıq. Daha araba işlətmirik, halbuki lazımdır”.

Əlil arabası ilə hərəkət mümkün deyil

Sakinlərin etirazlarından sonra adıçəkilən ərazidə olduq. Yerindəcə əlil arabası ilə səkidə getməyi sınadıq və əmin olduq ki, əlil arabası istifadəçisi kömək olmadan səkidə hərəkət edə bilməz. Halbuki səkidə müəyssərlilik barəsində işarə mövcuddur. Bu zaman əlil arabası istifadəçisi hərəkətin sıx olduğu nəqliyyat yolu ilə hərəkət etməlidir. Bu da həyati təhlükə yaradır.

"Aşkarlanan problemlər Nəqliyyat Agentliyinə göndərilməlidir"

Ekspert Azər Allahverənov Toplum.Tv-yə deyib ki, 2018-ci ildən yol kənarlarında dirəklərin və müyəssərliklərin qurulmasına başlanılıb.

"Bir neçə il bundan qabaq nə dirəklər vardı, nə panduslar. İndi biz əksər küçələrdə bu kimi atributların olduğuna şahid ola bilərik. Amma bəzi hallarda, monitorinq keçirdikdə, müşahidələr apardıqda görürük ki, bu hər yerdə belə deyil. Bilirəm ki, Nəqliyyat Agentliyi bu barədə işlər aparır və müəyyən qrafiklə, bəzi yollardakı səki problemləri öz həllini tapacaq. Olsun ki, bir az zaman ehtiyac var”, – deyə o qeyd edib. 

Ekspertin fikrincə, bu kimi hallar aşkarlandıqda fotoşəklini çəkib, BNA-ya göndərmək lazımdır: "Biz də vaxtaşırı monitorinqlərimizdə aşkarladıqlarımız səhvləri BNA-ya göndəririk".

Səki ilə gedə bilməyən araba istifadəçisi, yolla gedir...

Azər Allahverənov səki ilə hərəkət edə bilməməməyin təhlükəli olduğuna da toxunub: "Səkinin üzərində piyadaların mobilliyi təmin olunmursa, bu, problemdir. Səki ilə hərəkət edə bilməyən araba istifadəçisi məcburdur yolla hərəkət etsin. Yolla hərəkət zamanı piyada nəqliyyat vasitələrinin axının təsiri altına düşə bilər. Bu isə ona təhlükələr yarada bilər”. 

"BNA bu siqnalı qəbul etməli...”

Mütəxəssis hesab edir ki, BNA problemin həllinə xüsusi diqqət ayırmalıdır: "Ehtimal verirəm ki, Azadlıq prospektində aparılan pilot layihələrə görə bu problemlər yaşana bilər və gələcəkdə aradan qaldırılacaq. Dəqiq bilmirəm. Lakin istənilən halda, BNA bu siqnalı qəbul edib, səkilərlə piyadaların mobilliyinin təmini üçün addımlar atmalıdır. Harada mümkünsə, orada təcili, təxirəsalmaz işləri görməli və araba istifadəçilərinin maneəsiz hərəkətini təmin edən pandusları qurmalıdır. Ola bilsin ki, bu müəyyən müddətə nəzərə tutulub. Lakin piyadaların səkilərdə mobilliyi təmin olunmalıdır”.

Rəsmilərin mövqeyi: telefonu açıb cavab vermədilər...

Məsələ ilə bağlı BNA ilə əlaqə saxlamağa çalışsaq da, qurumun mətbuat xismətindən məsələyə münasibət öyrənə bilmədik. 

Nəsimi Rayon İcra Hakimiyyətindən də edilən zənglərə cavab verilmədi. 

Bakı Şəhər İcra Hakimiyyəti isə bir neçə çağırışdan sonra dəstəyi qaldırıb, kənara qoymaqla cavabladı. Bu hal bir neçə dəfə təkrarlandı...

Cəmilə Məmmədli