22:09, 08 Avqust 2019 (Cümə axşamı) 90

"BakuBus"larda kondisonerlər niyə söndürülür?

Havaların isti keçməsi ilə bağlı nəqliyyat vasitələrinin bir çoxunda sərinlik sistemlərinin işləməsi sərnişinlərin narazılığına səbəb olur. 

Adətən, sərnişinlər metro qatarlarında və avtobuslarda bu problemlərlə üzləşdiklərini bildirirlər. 

"Yandırmırıq, kimə istəyirsən, şikayət et”

Sərnişinlər Toplum TV-yə bildirirlər ki, "BakuBus"larda çox vaxt kondisonerlər söndürülür. 

Şikayətini bildirəndə isə "yandırmırıq, kimə istəyirsən şikayət et” deyilir.  Belə ki, onların  şikayəti əsasən "5”, "88”  nömrəli "BakuBus"lardandır. 

"Bizə tapşırılıb ki, benzinə qənaət edin”

Sərnişinlər qeyd edir ki, "5” və "88”-lərdə tez-tez buna şahid olurlar: "Onlar benzinə qənaət etmək məqsədilə kondisoneri söndürüb, pəncərələri açırlar. Səbəb kimi də " bizə tapşırılıb ki, benzinə qənaət edin” deyirlər". 

Sərnişinlərin sözlərinə, görə metroda da vəziyyət ürəkaçan deyil. Onlar isti günlərdə getməyin dözülməz olduğunu da qeyd edirlər.

"Biz yeni qatarları demək olar ki, görmürük”

Metro nəqliyyatından daimi istifadə edən sərnişinlərin sözlərinə görə, yeni  xəttə buraxılan qatarlar az hallarda görünür. Onlar daha çox köhnə və kondisioner sistemi olmayan qatarlarda getməyə məcbur olurlar: "İl sonuna kimi bütün havalandırma, kondisoner problemli və köhnə tipli bütün avtobuslar dəyişdiriləcək” 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. 

Mais Ağayev bildirdi ki, belə hallar qəbulolunmazdır və il sonuna kimi bu problemlər öz həllini tapacaq: "Hazırda dayanacaqların yenilənməsi ilə bağlı işlər gedir. Bitən kimi  il sonuna kimi bütün havalandırma, kondisoner problemli və köhnə tipli bütün avtobuslar dəyişdiriləcək”.

"Bakı Metropoliteni” mətbuat xidmətindən isə Toplum Tv-yə bildirildi ki, avqust ayında 2 yeni vaqon, sentyabr ayında daha 2 vaqon  istifadəyə veriləcək. 

"Qatarların istifadə müddəti 31  ildir, müddəti bitməmiş onları dəyişə bilmərik” 

Mətbuat xidmətindən verilən məlumata görə, vaqonların isitadə müddəti bitməmiş dəyişilə bilməz. Amma il sonuna kimi 30 qatarın istifadə müddəti bitəcəyi  və bitən kimi istifadədən çıxarılacağı bildirildi.

Elmar Əzizli