15:50, 01 İyul 2019 (Bazar ertəsi) 83

"Bankların sayı azalmayıb" - Ekspert

İqtisadçı Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasını şərh edib

Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda işçilərin sayının artdığını, bankların isə azaldığını bildirib. 

İqtisadçı ekspert Samir Əliyev isə bu məlumatın yanlış olduğunu deyir.

O, Toplum TV-yə bildirib ki, bankların işçi sayını artırması siyasəti anlaşılmaz bir haldır: "Onda belə bir sual yaranır: banklar niyə işçilərin sayını çoxaldır? Bank gəlirləri azalırsa, onlar niyə xərclərini artıran bir addım atırlar? Əslində, bankların sayının azalması baş verməyib. Əvvəl 30 idisə, indi də 30 olaraq qalır. Lakin işçilərin sayı əhəmiyyətli dərəcədə artıb. 2018-ci ilin sonunda təxminən, 17 min 400 - dən çox işçi vardısa, 2019-cu il iyun ayında bu göstərici təqribən,18 min 200-dür. Əhəmiyyətli dərəcədə artım var. Bu artım bank filiallarının sayının artması ilə bağlıdır. 4 yeni bank filialı yaradılıb. Bu bank filiallarının yaradılması yeni işçi qüvvəsi tələb edir. Lakin işçi sayında 700-dən çox artım olub. 4 filialla isə bu, mümkün deyil. Demək ki, hamısında artım baş verir".

Ekspertin sözlərinə görə, bank sektorunda xərclərin maksimallaşdırılması siyasəti davam etdirilmir: "Bir tərəfdən, banklar kreditləşməni məhdudlaşdırıb, yəni bankların gəliri azalıb. Digər tərəfdən isə banklar xərcləri azaltmaq əvəzinə, çoxaldır. İşçi sayının artması hər bir halda xərcin artmasına gətirib çıxarır. Görünür, burada bank sektorunda xərclərin maksimallaşdırılması siyasətini artıq davam etdirmirlər. 2 il bundan  əvvəl sürətli şəkildə  bu xərcləri optimallaşdırırdılar: filialları birləşdirirdilər, işçiləri ixtisar edirdilər, maaşlarını azaldırdılar və s". 

"Düşünürdüm ki, işçilərin sayının artırılması siyasəti problemli kreditlərlə bağlıdır. Çünki çoxlu problemli kredit vardı. Daha çox işçi götürürdülər ki, insanlar işləyib pulu qaytara bilsinlər. Prezidentin sərəncamından sonra artıq istehlak kreditləriylə bağlı problemlər aradan qalxdı. İşçilərinin sayının çoxalması, yəni bankların işçi sayını artırması anlaşılmaz bir haldır. Çünki işçilərinin sayının artması bankın xərclərinin çoxalması, bankların xərcinin artması isə kreditin bahalaşması deməkdir. Bankın istənilən xərci kredit faizinin üzərinə gəlir. Belə çıxır ki, bu gün işçilərin sayının artırılması hesabına banklar kredit faizlərini aşağı salmaqda çətinlik çəkirlər. Əlbəttə, səbəb təkcə bu, deyil, başqa səbəblər də var. Amma mən bu halı ilkin mərhələdə bir o qədər də optimal hesab etmirəm", - deyə ekspert qeyd edib.

Zərifə Novruz