21:02, 10 İyul 2019 (Çərşənbə) 175

“Barəmdə havadan bir intizam icraatı başlanıldı”- Elçin Sadıqov

“Barəmdə havadan bir intizam icraatı başlanıldı”- Elçin Sadıqov
Vəkil Elçin Sadıqova qarşı  yenidən intizam icraatı başlanıb.

Məlumatı Elçin Sadıqov öz feysbuk hesabında yazıb.

İcraat Kəmalə Qasımovanın şikayəti əsasında başlanıb. 

O, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü, mərhum Sərdar Qasımovun həyat yoldaşıdır.

Elçin Sadıqovun bildirdiyinə görə, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət olunub və orada aqressiv münasibətlə qarşılaşıb.

Kəmalə Qasımova şikayətində iddia edir ki, Elçin Sadıqov, vəfat etmiş həyat yoldaşı Sərdar Qasımov barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymaqla ailəsinin, doğmalarının mənəvi sarsıntısını daha da artırıb: "Həmin məlumatlarda Elçin Sadıqov guya Sərdar Qasımov tərəfindən sifarişlə mənfi rəy yazıldığını, Sərdar Qasımovun vəkil kimi xalq tərəfindən tanınmadığını və digər əsassız məlumatlar yazmışdır. Mən Sərdar Qasımovun həyat yoldaşı kimi deyə bilərəm ki, işində və əməlində həmişə düz olmuş, haqqı nahaqqa verməmiş və obyektiv olmuşdur. Buna görə də vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməsini xahiş edirəm”.

Elçin Sadıqovun sözlərinə görə, iclasda feysbuk hesabının vəkillik fəaliyyəti ilə bağlı açılmadığını, şəxsi hesabı olduğunu deyib: "Həmin statusda Sərdar Qasımova qarşı heç bir nüfuzdan salan ifadə işlətmədiyimi, vətəndaş və vəkil olaraq ifadə azadlığı hüququmun olduğunu, AR Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı yalnız məhkəmələrin səlahiyyətli olduğunu bildirsəm də, barəmdə havadan bir intizam icraatı başlanıldı”.

"Yəqin, düşünürlər ki, Avropa İttifaqının Prezidenti cənab Donald Tuskla və Avropa Şurasının İnsan Hüquqları Komissarı Dunya Miyatoviçlə görüşlərimdə vəkilliyin vəziyyətini tənqid etmişəm”,- deyə Elçin Sadıqov bildirib.

O həmçinin iddia edir ki, jurnalist Polad Aslanovla bağlı hədələnməyi boş hədə olmadığı öz təsdiqini tapıb.

İyulun 3-də Polad Aslanovun təkrar dindirilməsi ilə bağlı vəsatət qaldırdığına görə müstəntiq onu hədələdiyini demişdi.

Təzyiqə məruz qalması ilə bağlı Vəkillər Kollegiyasına müraciət edən vəkil cavab ala bilməyib.

Vəkilə daha əvvəl 15 sentyabr 2018-ci ildə intizam icraatı başlanıb və 26 fevral 2019-cu ildə töhmət verilib.

Məsələyə münasibət bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə Meydan TV-yə deyib ki, hələ qərara İntizam Komissiyası baxmayıb, iş bu komissiyaya gedəcək, vəkilin iştirakı ilə  araşdırılacaq. Qərar intizam icraatının başlanması haqdadır.

Anar Bağırov Elçin Sadıqovun aqressiv qarşılanması barədə dedikləri ilə razılaşmayıb: "O, çox şey yaza bilər və yazdıqları da aksioma deyil. Elçin Sadıqov bütün kollegiyanı təhqir edib, İntizam Komissiyasının rəhmətə gedən üzvü barədə təhqiramiz fikirlər bildirir, sonra da bunu fikir azadlığı sayır. Biz də deyirik ki, bəs sənin özün barəndə bir neçə il əvvəl nəsə yazanda, sən ifadə azadlığının məhdudiyyətsiz olmadığını, sərhədləri olduğunu söyləyirdin. Bu sözləri özün də qəbul elə. Guya komissiyanın üzvü sağ olanda ona deyib ki, bağışla, sənin barəndə belə rəy yazmışam. Rəyi komissiya verir, həm də rəhmətə gedən adam barəsində belə böhtanlar səsləndirmək doğru deyil, axı onun da ailə üzvləri var. Nəhayət, həyat yoldaşı müraciət edib, biz şikayətə baxmamalıyıq?! Biz müraciətin araşdırılmasını istəyirik. Bəlkə Elçin Sadıqovun müəyyən planları var, gedib xaricdə sığınacaq almaq istəyir, özü üçün tarixçə yaradır, amma biz öz işimizi vicdanla görməliyik. Vəkilin pozuntu törətməsi barəsində ehtimal varsa, biz araşdırma aparmalıyıq. Elçin Sadıqov kollegiyanın orqanlarını qanunsuz işlərdə ittiham edir, böhtan atır”.

Anar Bağırov onu da deyib ki, iclasın gündəliyi 1 həftə əvvəldən hazır idi və Elçin Sadıqovun keçirdiyi görüşlərə heç bir aidiyyatı yoxdur.

Uğur Fərzəli