18:06, 15 İyul 2019 (Bazar ertəsi) 63

Baş Polis İdarəsi: "AXH-nın məlumatı həqiqəti əks etdirmir"

Baş Polis İdarəsi:
Azərbaycan Xalq Hərəkatının qərərgahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Report.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, polis əməkdaşları ofisdə hər hansı axtarış aparmayıb. Elşad Hacıyev vurğulayıb ki, ofis icarədar tərəfindən boşaltmaqla qapadılıb.

Onun sözlərinə görə, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi onu etibarnamə əsasında Binəqədi rayon sakini 1982-ci il təvüllüdlü Hüseyn Əliyevə verib:

"O da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə "ANTV.AZ” internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan Hüseyn Əliyev bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə icazəsiz yığıncaq keçirdiyini öyrənərək oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan Hüseyn Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə Hüseyn Əliyev polisə müraciət edib".

Elşad Hacıyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Amma bu açıqlamaya, hələlik, ofisinin sahibi və icarədarın münasibətini öyrənmək mümkün olmayıb.