22:03, 16 May 2019 (Cümə axşamı) 268

Baş Prokurorluq Anar Məmmədovun dediklərini təkzib edib

Baş Prokurorluq Anar Məmmədovun dediklərini təkzib edib
Baş Prokurorluq  "Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun fikirlərini təkzib edən məlumat yayıb. 

Jurnalist Anar Məmmədov Bakı Şəhər Prokurorluğuna çağırılması və SOCAR-la əlaqədar məqalələrin dərc edilməsinə irad bildirilməsi haqda yazıb. 

Baş Prokurorluğun mətbuat xidməti isə deyilənləri yalanlayır və həqiqəti əks etdirmədiyini bildirir.

Məlumatda deyilir ki, jurnalistin prokurorluğa çağırılma səbəbi "MacbookPro” markalı kompüterinin geri alınması ilə bağlı müraciəti olub. 

Baş Prokurorluq Anar Məmmədovun 1 ilə yaxın müddətdir ki, saxladığı  "MacbookPro” markalı kompüterinin maddi sübut kimi qaldığını, məhkəmənin qanuni hökmü qüvvəyə mindikdən sonra ona geri qaytarılacağını bildirilib.

Qurum əlavə edib ki, 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb.

"Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha izah edilir ki, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir” – deyə Baş Prokurorluq bildirib.

Anar Məmmədov mayın 15-də Bakı Şəhər Prokurorluğuna dəvət olunmuşdu. 

Özünün "Facebook” səhifəsində yazdığı məlumata görə, onu prokurorluğun İstintaq İdarəsinin rəisi Rəşid Mansurov qəbul edib. 

Ona SOCAR-la bağlı yazmamaq tövsiyə olunub.

Uğur Fərzəli