15:16, 24 Avqust 2019 (Şənbə) 787

"Baş verən hadisədə gizlədilən çox şey var"

"MİQ 29” çoxməqsədli qırıcı təyarrasinin qəzaya uğraması son günlər Azərbaycan gündəminin əsas mövzularındandır.
 
Hadisə iyulun 24-də baş verib. Həlak olan pilot Rəşad Atakişiyevin nəşi isə hadisədən 1 aya yaxın vaxt keçdikdən sonra tapılıb. 

Qəza ilə bağlı müxtəlif versiyalar var. Müdafiə Nazirliyinin "MİQ 29” qırıcı təyyarəsinin qəzaya uğramasının səbəbi ilə bağlı yaydığı məlumat belə birmənalı qarşılanmayıb. Nazirlik təyyarənin quşla toqquşduğunu deyir. 
 
Bəs "MİQ 29” çoxməqsədli qırıcı təyyarəsi haqqında nə bilirik?
 
"MİQ 29” 1971-ci ildən Rusiyada istesal olunur. Təyyarə iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. Bu qırıcı öz ölçülərinə görə daha böyük olan "Su-27” ilə birlikdə ABŞ istehsalı "F-15” və "F-16” tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. Təyyarənin istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq olsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzunmənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli vasitəyə çevrilib.  Bu qırıcılardan hazıda Rusiya hərbi hava qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Əlcəzair, Banqladeş, Kuba, Eritreya, Macarıstan, Hindistan, İran, Qazaxıstan, Malayziya, Myanma, KXDR, Peru, Polşa, Serbiya, Şri-Lanka, Slovakiya, Sudan, Suriya, Türkmənistan, Ukrayna, Özbəkistan da istifadə edir. 
 
Azərbaycanın silah arsenalında toplamda 12 ədəd "MİQ 29” çoxməqsədli qırıcı təyyarəsi olub. 

"MİQ-29” çoxməqsədli qırıcısı Rusiyada istehsal olunsa da, 2005-2007-ci illərdə Ukraynadan alınıb.
 
2011-ci ilə qədər hərbi-texniki sahədə Azərbaycanın əsas tərəfdaşı olan Ukraynadan 16 ədəd "MİQ-29” döyüş təyyarəsi alınıb.

"MİQ-29” təyyarələri bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edir.
 
Bəs bu, Azərbaycanda ilk qəzadırmı?
 
İlk belə qəza 2008-ci ilin yanvarında təlim uçuşu zamanı baş verib.

Qəza nəticəsində "MİQ 29” təyyarəsini idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olublar. Kapitan Əfqan Aslanovun cəsədi tapılsa da, polkovnik-leytenant Fəxrəddin Əsgərovun meyiti bu günə kimi tapılmayıb.

Digər qəza isə 2019-cu ildə 24 iyulda baş verib. Gecə saat 10 radələrində təlim uçuşlarını həyata keçirən üç hərbi təyyarədən ikisi uçuş bazasına qayıdıb, pilot Rəşad Atakişiyevin təyyarəsi isə qayıtmayıb. Hadisə nəticəsində pilot polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.
 
Ehtiyatda olan mayor Bakir Abdullayev məsələ ilə bağlı ToplumTv-yə danışıb. O, baş verən hadisədə gizli qalan çox şeyin olduğunu deyib: "”MİQ 29” qırıcı təyyarəsi dərmansəpən təyyarə deyil. Bu, hərbi qırıcıdı. Qağayı və hər hansı quşun vurması nəticəsində qəzaya uğraması heç də inandırıcı deyil. Təkcə "MİQ 29”larda deyil , Rusiya istehsalı olan başqa qırıcılarda da son zamanlar xətalar çoxalıb. Bir müddət əvvəl 252 nəfər sərnişinin olduğu mülkü təyyarəyə quş dəymişdi, amma onu sağ-salamat aşağı endirə bildilər. Rəşad Atakişiyev kimi peşəkar pilotun deyildiyi kimi bir quşa görə ölməsi inandırıcı gəlmir. Gecə saatlarında quşlar çox olmur, payız fəslində də deyilik ki, quşlar köç edə. Quş sürüsü ilə üz-üzə gəlsə belə çətin ki, o qırıcıya nə isə olsun”.
 
 
Bakir Abdullayev 

Bakir Abdullayev sosial şəbəkələrdə səsləndirilən fikirlərə də münasibət bildirib: "Deyilənə görə uçuş vaxtı Rusiyanın havadan müdafiə sistemləri təlim keçirirmiş. Bu tip xəbərlər hamısı fərziyyədir. Əgər belə bir şey varsa belə nazirliyin bunu gizlətməsi Rusiyanın regionda ortaya qoyduğu hegemonluğu ilə əlaqəlidir. O da var ki, Rusiya öz istehsal etdiyi qırıcını vursa, onun silah bazarına da mənfi təsir edəcək. Ən azından 2-3 dərəcəli ölkələr "MİQ 29”-u öz arsenalına qatmaq üçün çalışırlar. Qara qutunu tapdılar, amma onu araşdırmasında heç bir ekspert olmadı. Rusiyalı ekspertlər vardı, onlar da açıqlama verməzlər”.

Bakir Abdullayevin fikrincə, Azərbaycanın Müdafiə Nazirliyi də məsələni olduğu kimi açıqlaya bilmir: "İstər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı olsun, istərsə də digərləri, sərbəst rəy bildirə bilmirlər. Onlara nə deyirlərsə, onu da deyirlər. Belə bir versiya da var ki, alınan silahların çiplə vurulması mümkündür. Rusiyadan alınan hərbi texnikaların İsrail və başqa ölkələrdən alınan texnikaların çipləri ilə dəyişdirilsə, daha məqsədəuyğundur. Onda kənardan müdaxilə bir az çətinləşir. Ağıllılar kiminsə səhvindən öyrənir, bizsə öz səhvlərimizdən öyrənirik".
 
Əbülfət Baxşəli