16:21, 11 Aprel 2019 (Cümə axşamı) 290

Bayram Məmmədova təzyiqlə bağlı aksiya keçirildi

Bayram Məmmədova təzyiqlə bağlı aksiya keçirildi
Mülki geyimli şəxslər Fatimə Mövlamlı, Gülnarə Rahimova və adı hələlik, bəlli olmayan bir nəfər oğlanı saxlayıblar

Aprelin 11-də Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında keçmiş "heykəl məhbusu” Bayram Məmmədova qarşı təzyiqlərlə bağlı aksiya keçirilib.

Gənc fəalların təşkil etdiyi aksiyaya səbəb Bayram Məmmədovun Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmasından 13 gün sonra yenidən həbs edilməsi, işgəncəyə məruz qalmasıdır.

Aksiya başlamazdan əvvəl ərazi polis və mülki geyimlilər tərəfindən əhatəyə alınıb. Nəticədə aksiya başlayan kimi mülki geyimli şəxslər iştirakçılardan Fatimə Mövlamlı, Gülnarə Rahimova və adı hələlik, bəlli olmayan bir nəfər oğlanı saxlayıblar. Saxlanan şəxslərin Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə aparıldıqları söylənir.

Məsələyə hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə - polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

Meydan.tv