17:47, 02 Aprel 2019 (Çərşənbə axşamı) 714

Bayram Məmmədovun apelyasiya şikayəti təmin olunmadı

Bayram Məmmədovun apelyasiya şikayəti təmin olunmadı
Martın 30-da 30 sutka inzibati cəza alan keçmiş "heykəl məhbusu” Bayram Məmmədovun apelyasiya şikayətinə baxılıb. Aprelin 2-də keçirilən məhkəmə prosesində gənc fəalın şikayəti təmin olunmayıb.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilinən Bayram Məmmədov barəsində Sabunçu Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. 

Vəkil müvəkkilinin işgəncəyə məruz qaldığını deyib:
"Sağ gicgah nayihəsində, qulağında və burnunda çox ciddi xəsarətlər var. Bayram Məmmədov bildirdi ki, inzibati qaydada həbs olunan şəxslərin saxlanılma yerində həmin o xəsarətləri işgəncə nəticəsində alıb. Hakim də bununla bağlı qərar qəbul etdi və araşdırılması üçün prokurorluğa göndərəcək”.

Elçin Sadıqov onu da deyib ki, aprelin 1-də Bayram Məmmədovla görüşə icazə verilməyib: 
"Sabah bir daha görüş üçün saxlanma təcridxanasına gedəcəm”.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan "heykəl məhbusu” Bayram Məmmədov martın 30-da tutularaq, 30 sutka azadlıqdan məhrum edilib.  2016-cı ildə Bayram Məmmədov və Qiyas İbrahimov mərhum prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək" şüarı yazıldıqdan sonra həbs edilib.

Nərgiz Absalamova