16:00, 21 Noyabr 2019 (Cümə axşamı) 84

BDU-nun yataqxanasında tələbə qızlar zəhərlənib

BDU-nun yataqxanasında tələbə qızlar zəhərlənib
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Report xəbər verir ki,  həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

Zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub. O, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının müalicəsi davam etdirilir.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.
 
Baş toksikoloq Azər Maqsudov da hadisə ilə bağlı araşdırma aparıldığını söyləyib: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil”.

BDU-nun rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.